“Türkiyənin heç bir ölkənin torpağında, dənizində, suverenliyində gözü yoxdur. Biz, sadəcə, “sülh istəyirsənsə, müharibəyə hazır ol” deyən əcdadlarımız kimi Vətənimizi və haqlarımızı qorumağa çalışırıq. Vətəndaşlarımızın təhlükəsizliyi ilə bərabər bölgəmizin və coğrafiyamızın da stabilliyinə töhfə verməyə çalışırıq”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında “Mavi Vətən-2021” təlimlərini izləyərkən çıxışında bildirib.

Türkiyə Prezidenti bu gün silahlı pilotsuz uçuş aparatları sahəsində dünyada 3-4 ölkədən biri olduqlarını vurğulayıb: “Müdafiə təyinatlı məhsullarımızın ixracı 248 milyon dollardan 3 milyard dollar səviyyəsinə çatdı. İndiyə qədər Türkiyədə istehsal olunan və dəyəri 3 milyard dollar aşan 130-dan çox dəniz platforması ixrac etmişik. 4 il əvvəl dünyanın 100 müdafiə sənayesi şirkəti sırasında sadəcə, 2 firmamız olduğu halda, bu gün 7 firmamız var. Dost və müttəfiq ölkələrin də ehtiyaclarını təmin edən bir ölkəyə çevrilmişik. Öz savaş gəmisini istehsal edən 10 ölkə içərisində yer alırıq. Unutmamalıyıq ki, dənizlərə hakim olan dünyaya hakim olur”.

R. T. Ərdoğan bu il ərzində test və təlim gəmisi “Üfüq” və çoxməqsədli amfibiya gəmisi “Anadolu” gəmisini Hərbi Dəniz Qüvvələrinin sərəncamına verəcəklərini söyləyib: “Qarşıdakı il isə yeni tip sualtı qayıqların ilki olan “Piri Rəis”i istismara verməyi planlaşdırırıq. Türkiyəni dənizçilikdə də dünyanın super liqasına çıxarmaqda qərarlıyıq”.

Ərdoğan: “Qarabağda işğalın sona çatdırılmasında olduğu kimi, hər təşəbbüsümüzü uğurla yerinə yetirdik”

“Bizi bir terror qurşağı vasitəsi ilə xüsusən Suriya sərhədi boyunca mühasirəyə alınmağa çalışıblar, bu, unudulmamalıdır. Millətimizin və Kipr türklərinin Şərqi Aralıq dənizindəki haqları qəsb edilməyə çalışılıb”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında “Mavi Vətən-2021” təlimlərini izləyərkən çıxışında bildirib.

Prezident deyib ki, Türkiyə bunun kimi çoxsaylı haqsızlıqlara, açıq və gizli sanksiyalara məruz qalıblar: “Qarşılaşdığımız çoxsaylı ikili standartlara baxmayaraq, maraqlarımızı qorumaqdan geri çəkilmədik. Sərhədlərimizdən kənarda həyata keçirdiyimiz əməliyyatlarla Suriyanın şimalındakı terror zəncirini 3 fərqli yerdə parçaladıq. Əməliyyatlarımızla 8200 kv.km-dən çoxdan çox ərazini İŞİD və YPG terrorçularından təmizlədik. Şərqi Aralıq dənizindəki karbohidrogen qaynaqları üzərindəki haqlarımızı nə bahasına olursa olsun, müdafiə edəcəyimizi açıq formada ortaya qoyduq. Beynəlxalq hüquq çərçivəsində atdığımız addımlarla Liviyanın qiyamçılar tərəfindən işğalına mane olduq. Ölkəmizi Antalya sahillərinə həbs etməyə hesablanmış cəhdlərin qarşısını aldıq. Dağlıq Qarabağdakı işğalın sona çatdırılmasında olduğu kimi, hər bir təşəbbüsümüzü uğurla başa çatdırdıq”.  

.