Biz hamımız bilirik ki, Ermənistanda Rusiyanın Qarabağdakı müharibəyə müdaxilə edəcəyinə dair çox gözləntilər var idi. Bu baş vermədi. Çünki biz öz ərazimizdə döyüşürdük.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öhdəlikləri ilə manipulyasiya edirdi, amma KTMT-nin mandatı üzv ölkələri öz ərazilərində dəstəkləməkdir.

“Biz öz ərazimizdə döyüşürdük. Beləliklə, bu baş vermədi. Amma eyni zamanda, biz hamımız bilirik, mən ictimaiyyətə dəfələrlə bəyan etmişəm, 44 günlük müharibə ərzində müntəzəm olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silah daşıyan karqo təyyarələri olub. Biz Rostovdan, Mozdokdan bütün istiqamətləri izləyirdik. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamalarını xahiş etdik və onlar bunu etdilər. Biz həmçinin gürcüstanlı dostlarımızdan Gürcüstan ərazisi ilə Rusiyadan Ermənistana silahların nəql edilməsində istifadə ediləcək quru yolunu bağlamağı xahiş etdik və bunu da həmçinin etdilər və biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı dövlətlərə Ermənistana silah daşıyan Rusiya karqo təyyarələrinə icazə verməmələrinə dair məktub göndərdik. Biz bunu Qazaxıstana, Türkmənistana və İrana göndərdik. Təəssüf ki, bu təyyarələr Ermənistana daxil olarkən bu ölkələrin ərazilərindən istifadə edirdilər. Bu belə idi və biz 44 günlük müharibənin bu tərəfini gizlətməməliyik. Amma Ermənistanın gözləntiləri daha böyük idi. Onlar düşündülər ki, Rusiya ordusu gəlməli, döyüşməli və separatizmi müdafiə etməlidir və bu baş vermədi”, - Prezident İlham Əliyev vurğulayıb.

.