“Rusiya tərəfi bizə Rusiya müdafiə nazirinin “Ermənistanı silahlandırma prosesi yenidən başladı” sözlərini söyləmədiyini bildirdi”.

Bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində Rusiya müdafiə naziri Sergey Şoyqunun Ermənistan müdafiə naziri ilə görüşdən sonra “Ermənistanı silahlandırma prosesi yenidən başladı” bəyanatı barədə suala cavabında söyləyib.

Dövlət başçısı deyib ki, dərhal bu barədə Rusiya tərəfinə sual ünvanlanıb, Azərbaycan tərəfi mövzunun nədən ibarət olduğu ilə maraqlanıb: “Ancaq bizə məlumat gəldi ki, erməni mətbuatında çıxan bu açıqlama həqiqəti əks etdirmir, Rusiya müdafiə naziri belə sözlər söyləməyib. Bu, Ermənistan təbliğatının çirkin əməlidir. Bizə rəsmi şəkildə bildirildi ki, belə bir plan yoxdur. Biz Ermənistan ordusunun yenidən pulsuz silahlandırılması məsələsi ilə bağlı Rusiya tərəfindən qaneedici cavab aldıq və bu məsələni gündəmdən çıxardıq. Bu, Ermənistanın çirkin əməllərindən vaz keçmədiyini göstərir. Ortaya atılan bu yalan öncə böyük bir xətadır. Əgər sən Rusiya müdafiə nazirinin söyləmədiyi sözləri yayırsansa, bu, ən azı məsuliyyətsizlik, təxribatdır. İkincisi, biz bunu dəfələrlə işğal dönəmində də gördük, işğaldan sonra da gördük ki, Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün davamlı olaraq Rusiya və Azərbaycan münasibətlərində çatlar yaranması üçün çalışır. Hər gün davamlı olaraq... Onların gündəlik işi Azərbaycana qara yaxmaq, Rusiya mətbuatında Azərbaycanla bağlı mənfi imic formalaşdırmaq, Rusiya və Azərbaycanın münasibətlərinə kölgə salmaqdır. Düşünürlər ki, bu durumda intiqamçı qüvvələr yenidən baş qaldıraraq bizə qarşı savaşa başlaya bilər. Lakin onlar yanılırlar”.

Prezident İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinin kifayət qədər yüksək səviyyəli münasibətlər olduğunu və bütün mövzuların prezidentlər, müdafiə nazirləri və xarici işlər nazirləri səviyyəsində açıq müzakirə edildiyini vurğulayıb: “Hər hansı tərəfi narahat edən bir mövzu ilə bağlı biz dərhal təmasa keçirik və bu məsələləri həll edirik. Bu gün deyə bilərəm ki, Rusiya-Azərbaycan münasibətlərində hər hansı təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur. Çünki bu münasibətlər yetərli qədər müsbətdir. Ermənistanın bu təbliğat səyləri onlara uğur gətirməyəcək. Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qarşılanır”.

Prezident İlham Əliyev: “Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabr bəyanatının bütün şərtlərini yerinə yetirsin”

“Bölgədə yaranana yeni reallıqdan ümumi olaraq razıyam. Çünki oradakı əsas məsələlər həll olunub”.

Bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.

Prezident qeyd edib ki, Ermənistan bu bəyanata imza ataraq üzərinə öhdəliklər götürüb: “Bu öhdəliklər məcburi şəkildə həyata keçirdi. Bu öhdəliklərin həyata keçirilməsi müharibədən dərhal sonra olub. O zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması razılaşmada açıq göstərilirdi. Müharibə bitdikdən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə geri verildi. O zaman Ermənistan bu mövzuya çox məsuliyyətli yanaşırdı. Niyə? Çünki qorxu içindəydilər. Çünki bilirdi ki, əgər 10 noyabr tarixində bu bəyanata imza atmasaydı, onların vəziyyəti daha pis ola bilərdi. Yəni bizi durduracaq bir qüvvə yox idi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, Ermənistan bizə nə vaxt torpaqlarımızdan çıxmasıyla bağlı tarix versin, təqvim versin. Nə vaxt torpaqlarımızdan çıxırsa, həmin an müharibəni dayandırmağa hazırıq. Bu tarix bizə 9 noyabrda verildi. Ermənistan kapitulyasiya aktına imza atdı və 10 noyabrda müharibə dayandı. Başqa sözlə, o əsas məsələlərin həlli Ermənistanın qorxu içində olmasından qaynaqlanır. Sonra nə oldu? Sülhməramlılar gəldi. Bir müddət keçdi və müharibə bitəndən 15-20 gün sonra Ermənistandan sülhməramlıların olduğu ərazidən, Laçın koridorundan azad edilmiş torpaqlara 62 nəfərlik təxribat qrupu göndərildi. Bu 10 noyabr sənədinə tam ziddir. Azərbaycan Ordusu onları zərərsizləşdirdi və onlar tutuldu. İndi onlara hərbi əsir deyirlər. Amma beynəlxalq konvensiyalara baxsınlar. Hərbi əsir kimlərə deyilir? Onlar hərbi əsir deyil. Müharibə bitdi, 10 noyabr bəyanatı imzalandı. Ondan sonra göndərilən hər hansı əsgər təxribat qrupunun üzvü kimi qəbul olunmalıdır. Bu məsələ həllini tapmadı. Bu, çox vacib məsələdir və təkid edirik ki, həllini tapsın. Tam həllini tapsın. Qismən həllini tapıb”.

Dövlət başçısı bildirib ki, digər mövzu dəhlizlərin açılmasıdır: “9 noyabrdan 10 noyabra keçən gecədə imzalanan bəyanatda açıqca bildirilir ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə qurulmalıdır. Bu əlaqə quruldumu? Xeyr. Bu əlaqəni yaratmaq üçün o qədər böyük vaxta ehtiyac yoxdur. Burada quru yolu məsafəsi cəmi 40 km-dir. Biz müharibədən sonrakı 1 ildə min kilometrdən çox yol çəkmişik, həm torpaq, həm də asfalt yol. Orada 40 km-lik yolun açılması böyük problem deyil. Amma buna rəğmən hətta Ermənistan buna razılıq vermir. Müzakirələr nəticəsiz qalır. Ermənistan 10 noyabr Bəyanatının şərtlərini kobudcasına pozur. Biz hələ ki, səbirli davranırıq, təmkinli davranırıq. Lakin bizim səbrimizin də sərhədi var. II Qarabağ müharibəsi göstərdi ki, səbrimiz tükənəndə nələr olur. Başqa sözlə, Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabr bəyanatının bütün şərtlərini yerinə yetirsin və məsuliyyətli davransın”.

Azərbaycan Prezidenti: “Ermənistanın yeni hakimiyyəti çox böyük səhv etdi, bunun nəticəsində də acı məğlubiyyətə uğradılar”

“Ermənistanın bizə qarşı son vaxtlardakı provokasiyaları mütəmadi hal almışdı. Bizə yönəlmiş açıqlamaları və atdıqları addımlar Ermənistanın yeni müharibəyə hazırlandığını göstərirdi. Bunun səbəblərini bu günə qədər də anlaya bilməmişəm. Çünki başqa bir dövlətin torpağını 30 il boyunca işğal altında saxlayan bir dövlət yeni bir müharibə istəyirsə, bunun səbəbi çox ciddi araşdırılmalıdır. Sözlərimi təsdiq edən addımlar da göz önündədir. Çünki iyulda Azərbaycan-Ermənistan sərhədində, Ermənistan hərbi provokasiya törətdi və provokasiya nəticəsində 13 hərbçi və mülki şəxs həyatını itirdi. Azərbaycan o zaman düşmənə lazımı cavabı verdi, lakin biz dövlət sərhədini keçmədik. Sadəcə onları girdikləri Azərbaycan ərazilərindən çıxardıq və döyüşlər bir neçə gün sonra başa çatdı”.

Bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, daha sonra avqustda təxribat qrupu göndəriblər: “Təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları məcbur etdilər ki, silahı yerə qoysunlar. Bir il öncə BMT Baş Assambleyasında etdiyim çıxışda Ermənistanın yeni müharibəyə hazırlaşdığını demişdim. Üç gün sonra bizim mövqelərimiz və yaşayış məntəqələrimiz yenidən top atəşinə tutuldu. Yenə şəhidlər verdik. Və mənim əmrimlə genişmiqyaslı əks-hücum əməliyyatına başladıq və bildiyiniz kimi bu əməliyyat zəfərlə nəticələndi.

Ötən bir ilə dönüb baxdığımızda, əlbəttə, bütün bu baş verənləri, bütün bu hadisələri daha aydın analiz etmək imkanı əldə edirik.

Görünən odur ki, Ermənistan hakimiyyəti, iqtidara yeni gəlmiş hakimiyyət hər hansı hərbi nailiyyətlə öyünmək, hər hansı hərbi uğur da əldə etmək istəyirdi. Lakin hesabları baş tutmadı, çox böyük səhv etdilər. Bunun nəticəsində də acı məğlubiyyətə uğradılar”.

.