"Ermənistanın indiki rəhbərliyi daha çox Qərbdəki erməni diasporunun köməyinə ümid edərək işğal olunmuş ərazilərin, ilk növbədə Azərbaycanın qədim Şuşa şəhərinin zorla məskunlaşdırılması planını hazırlamışdı. Bu, açıq-aşkar, nümayişkaranə şəkildə həyata keçirilir, televiziyada göstərilirdi".

Bu fikirləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı söyləyib.

“Azərbaycan xalqının səbir kasasını daşdıran başqa hərəkətlərdən biri qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Xankəndidən Şuşaya köçürülməsi barədə qərarı idi. Buna azərbaycanlıların heysiyyətinin təhqir edilməsindən başqa ad vermək olmaz. Azərbaycanın qədim Şuşa şəhəri işğal edildiyi vaxtdan sonra ilk dəfə Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısının qondarma inauqurasiyası da bu qəbildəndir. Beləliklə, Ermənistan rəhbərliyinin hərəkətləri və addımları vəziyyəti kəskinləşdirməyə, Azərbaycan tərəfini cavab tədbirləri görməyə təhrik etməyə və danışıqlar prosesini pozmağa yönəlmişdi ki, sonradan desinlər, görürsünüzmü, yenidən hərbi toqquşmalar baş verir, buna görə yenə hər şeyi uzatmaq lazımdır”, - deyə dövlətimizin başçısı bildirib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha bir bəyanatını da diqqətə çatdıran Azərbaycan Prezidenti deyib: “Bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü”.

Prezident İlham Əliyev: "Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq və status-kvonu saxlamaq üçün əlindən gələni edirdi"

“Ermənistan rəhbərliyi danışıqlar prosesini pozmaq və status-kvonu saxlamaq üçün əlindən gələni edirdi. Onlar işğal edilmiş ərazilərin qeyri-qanuni məskunlaşdırılması ilə fəal məşğul olurdular. Bu, Cenevrə konvensiyalarına görə hərbi cinayətdir. Beləliklə, Ermənistan rəhbərliyi 2019-cu ildən etibarən yeni taktikaya əl atmağa başladı. Əslində bu, danışıqlar prosesini pozmağa yönəlmiş imitasiyasından imtina demək idi”.

Bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Azərbaycan Prezidenti bu fikirlərin təsdiqi olaraq Ermənistanın keçmiş müdafiə nazirinin Amerika Birləşmiş Ştatlarında səfərdə olarkən səsləndirdiyi “Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır” bəyanatını xatırladıb. Qeyd edib ki, bu bəyanat əslində Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini tamamilə açıqlayır. Bu, istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından yolverilməzdir. Özü də bu bəyanat məhz ABŞ-da verilmişdi.

“Ermənistanın baş nazirinə gəldikdə isə, o, 2019-cu ildə işğal edilmiş ərazilərdə olarkən açıq demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, danışıqlar prosesinin pozulmasına yönəlmiş bu təxribatçı tezis cavabsız qala bilməzdi. Bunun cavabında mən dedim ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Nəticədə kimin haqlı olduğunu tarix göstərdi. Özlüyündə Azərbaycana qarşı, təkcə ona qarşı yox ATƏT-in Minsk qrupuna qarşı bu nümayişkaranə təhdid, onların fəaliyyətinə hörmətsizlik onu göstərir ki, Ermənistan danışıqlar prosesini bilərəkdən və nümayişkaranə şəkildə pozurdu və əslində pozmuşdu. Ona görə ki, bu məntiqi əsas götürsək onun dediyi kimi əgər “Qarabağ Ermənistandır”sa, onda danışıqlar aparmağa mövzu yoxdur”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev: “Ermənistan dövlətinin ərazisinə girmək barədə bizim heç bir planımız olmayıb və yoxdur”

“Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbi texnika barədə informasiya əlçatandır. Kimlərə maraqlıdırsa, bunu açıq mənbələrdən əldə edə bilərlər. Hərbi xarakterli provokasiyaya gəldikdə, bu il ərzində, ilk növbədə, iyul ayında Dağlıq Qarabağda münaqişə zonasında deyil, dövlət sərhədində törədilmiş təxribatdır”.

Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı danışıb.

Dövlətimizin başçısı Ermənistan qoşunlarını Tovuz rayonunda Azərbaycan Ordusunun mövqelərinə hücumunu xatırladaraq deyib: “Bu, tamamilə əsassız təxribat idi. Ermənistan rəhbərliyinin yeni ərazilər ələ keçirilməsinə dair qondarma hərbi konsepsiyası çərçivəsində bizim postları və yeni əraziləri tutmaq cəhdi idi. Biz dinc əhali və hərbi qulluqçular arasında itkiyə məruz qaldıq. Biz Ermənistan qoşunlarının layiqli cavabını verdik, onları ilkin mövqelərinə qaytardıq. Erməni tərəfin bu insidenti əsaslandırması sadəcə gülünc idi. Bəlkə çoxları unudub, sadəcə xatırladıram ki, guya Azərbaycanın üç hərbi qulluqçusu “UAZ” avtomobilində ermənilərin postlarına hücum edib. Ümumiyyətlə, hərbi quruculuqla bağlı məsələlərdən uzaq olan insanlara da aydındır ki, müharibəni bu şəkildə - “UAZ” avtomobilində başlamırlar”.

Azərbaycan Prezidenti qeyd edib ki, bizim Ermənistan dövlətinin ərazisinə girmək barədə heç bir planımız olmayıb və yoxdur. Əgər belə planlar olsaydı, onda Tovuz istiqamətində bunu etmək çox asan idi, çünki bunun üçün imkan vardı. Beləliklə, biz cavab verməkdən uzağa getməyib dayandıq.

“Sonra sentyabr təxribatı oldu. O vaxt çoxsaylı erməni hərbi qulluqçulardan ibarət təxribat qrupu qoşunların təmas xətti zonasında Goranboy rayonuna girməyə cəhd etdi. Qrupun başçısı saxlanıldı, onun verdiyi ifadələr göstərir ki, bu, Azərbaycan ərazilərinin dərinliyində terror aktı törədilməsinə yönəlmiş və qəsdən təşkil olunmuş təxribat idi”, - deyə dövlətimizin başçısı bildirib.

.