“İşğal dövründə ermənilər bizim bütün şəhər və kəndlərimizi dağıdıblar. Bizim tarixi, dini abidələrimizi dağıdıblar, təhqir ediblər, xalqımız, ordumuz haqqında aşağılayıcı ifadələr işlədiblər. Hətta deyirdilər ki, Ermənistan “yeni torpaqlar uğrunda yeni müharibə”yə hazırlaşır”.

Bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.

“Deyirdilər ki, əgər müharibə başlayarsa erməni tankları Bakının küçələrində olacaq. Bütün bu təkəbbürlü ifadələrin hamısı zibil yeşiyinə atıldı. Bəli, erməni tankları gəldi Bakıya, onları biz gətirdik. Azadlıq meydanında hərbi paradda, Qələbə paradında onları nümayiş etdirdik. Bu gün onlar Azərbaycan Ordusunun gücünün və Ermənistan ordusunun məğlubiyyətinin təzahürü kimi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz bundan sonra həmişə müzəffər xalq və qalib dövlət kimi yaşayacağıq”, - dövlət başçısı vurğulayıb.

Prezident: “Keçmiş DQMV-nin rayonu olan Hadrutda bir daha deyə bilərəm ki, bu gün Ermənistan ordusu yoxdur”

“44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistan ordusu yoxdur”.

Bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.

“Mən dəfələrlə demişəm, bax, burada - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir rayonu olan Hadrutda, Xocavənd rayonunun qəsəbəsi olan Hadrutda bunu bir daha deyə bilərəm ki, bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər, heç kim bizi dayandıra bilmədi. Mən bütün bu 44 gün ərzində deyirdim ki, heç kim bizi dayandıra bilməz, Ermənistan rəhbərliyi bizə tarix versin nə vaxt bizim torpağımızdan rədd olur, ondan sonra biz müharibəni dayandıracağıq. Elə də etdik, sözümüzə əməl etdik. İndi də Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bəri başdan bilsinlər, biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandıra bilməz, heç nəyə baxmadan lazımi addımları atacağıq. Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir”, - Prezident vurğulayıb.

.