Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut edib.
Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı 2002-ci ildən başlayıb və bu ilin avqust ayının sonunda başa çatıb. Azərbaycan Prezidenti vurğulayıb ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edənlərdən olub.
“Bu, birgə işləmək üçün böyük təcrübə idi. Həmçinin bu gün gələcək əməkdaşlıq planlarını müzakirə etmək imkanlarımız oldu”, - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı Azərbaycanın NATO-nun təlimlərində iştirak etdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan NATO-nun aktiv və aparıcı üzvü olan Türkiyə ilə birgə təkcə bu il ərzində 7 hərbi təlim keçirib: “Bu, əslində regionda sülhə və stabilliyə xidmət edir”.
İlham Əliyev: "Azərbaycan sülhə sadiqdir”
Biz NATO Baş katibi ilə regionda postmünaqişə vəziyyətini müzakirə etdik.
Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan sülhə sadiqdir.
“Bizim səylərimizin əsas məqsədi regionda hər hansı müharibə riskinin minimallaşdırılmasıdır. Bu məqsədə nail olmağın ən yaxşı yolu açıq kommunikasiyadır, aktiv dialoq yaratmaqdır və yenidən qonşu olmağı öyrənməkdir. Azərbaycan bu istiqamətdə fəaliyyətə açıqdır. Düşünürəm ki, Ermənistan da nə zaman bu istiqamətdə xoş niyyət göstərərsə, biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzərində işləməyə başlaya bilərik”, - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı: “Azərbaycan NATO üzvü olan 4 ölkənin etibarlı qaz təchizatçısıdır”
Biz həmçinin NATO Baş katibi ilə regionda enerji təhlükəsizliyi məsələsini müzakirə etdik.
Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan NATO üzvü olan 4 ölkənin etibarlı qaz təchizatçısıdır.
“Əminəm ki, növbəti illərdə bu ölkələrin sayı artacaq. Bu, regional sabitlik və təhlükəsizlik üçün vacibdir. Bildiyiniz kimi, artıq enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə belə yüksək səviyyədə əlaqələrin olmasından məmnunuq. Çox şadıq ki, NATO da bizim səylərimizi yüksək qiymətləndirir. Bu gün biz razılığa gəldik ki, regionun faydası üçün və dünyada təhlükəsizlik üçün birgə səylərimizi davam etdirək”, - Azərbaycan Prezidenti qeyd edib.
.
