Parisdə, Yelisey Sarayında Azərbaycan prezidenti İlham Əliyevin fransalı həmkarı Fransua Ollandla görüşü olub.

APA-nın prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Yelisey Sarayının qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fransa prezidenti Fransua Olland prezident İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpaolunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


Azərbaycan-Fransa sənədləri imzalanıb

Parisdə prezident İlham Əliyevin və prezident Fransua Ollandın iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Respublikasının Ətraf Mühit, Enerji, Dəniz və İqlim üzrə Beynəlxalq Əlaqələr Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın nəqliyyat, dənizçilik və balıqçılıq məsələləri üzrə dövlət katibi Alan Vidalies imzalayıblar.
"Fransanın İnkişaf Agentliyi ilə Azərbaycan Respublikası arasında Kredit Müqaviləsi”ni Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın İnkişaf Agentliyinin baş direktorunun müavini Filip Boduen imzalayıblar.
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Fransanın Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma məsələləri üzrə dövlət katibi Jan Vinsent Plase imzalayıblar.
"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın sənaye, rəqəmsal və innovasiyalar üzrə dövlət katibi Kristof Sirugue imzalayıblar.
"Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında Niyyət Protokolu”nu Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın Azərbaycandakı səfiri Aurielia Buşez imzalayıblar.


Prezident: "Birinci mərhələ üçün tezliklə danışıqlar bərpa edilməlidir"

Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk.
Bunu Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. Dövlət başçısı 2014-cü ilin sonlarında F.Ollandın təşəbbüsü ilə Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyi görüşü xüsusilə qeyd edib: "Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu. Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulub. Orada bütün infrastruktur və binalar dağıdılıb”.
Prezident İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyalarının işğal edilmiş torpaqlara iki dəfə səfər etdiklərini və öz məruzələrində bunu ifadə etdiklərini xatırladıb: "BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilmişdir. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”.


İlham Əliyev : "Aİ ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır"

Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar və Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edirlər.
Bunu da Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. Prezident Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətlərinin dəstək olduqlarını qeyd edib: "Eyni zamanda, şəhər nəqliyyatı, nəqliyyat, infrastruktur, su, içməli su layihələri, ekoloji layihələr və digər layihələr icra edilir. Biz bu əməkdaşlıqdan çox məmnunuq. Fransa şirkətləri ilə keçirdiyim görüşlərdə onları bir daha inandırdım ki, Azərbaycanda xarici sərmayə üçün çox gözəl iqlim var. Eyni zamanda, Azərbaycanın iqtisadi potensialı artır. Beləliklə, daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər”.
Dövlət başçısı humanitar sahədə də əməkdaşlığın çox uğurlu olduğunu qeyd edib: "Cənab prezident həm mədəniyyət və təhsil sahələrində bunu qeyd etdi. Sadəcə bir məqamı vurğulamaq istəyirəm ki, bizim prezident Ollandla qəbul etdiyimiz qərarlardan dərhal sonra layihələr icra olunmağa başlayıb. Biz bunu məhz Fransa-Azərbaycan Universitetinin timsalında görürük. Qısa müddət ərzində - qərar qəbul olunandan bir neçə ay sonra artıq Universitet öz qapılarını tələbələrin üzünə açdı. Bu Universitetə çox böyük maraq var”.
Dövlət başçısı bütün başqa sahələrdə də çox fəal əməkdaşlıq edildiyini qeyd edib: "Prezident qeyd etdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri böyük əhəmiyyət daşıyır. Keçən ay Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə əlaqədar danışıqlara start verilib. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur. Biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. "Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir.
Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün apardığımız danışıqlar belə deməyə əsas verir. Biz çox istəyirik ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın, beləliklə, Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın olsunlar”.


Fransua Olland: "Dağlıq Qarabağ məsələsində mövcud status-kvo qəbuledilməzdir"

"Dağlıq Qarabağ məsələsi haqda danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük”.
Parisdə sənədlərin imzalanması mərasimindən sonra Fransa prezidenti Fransua Olland mətbuata bəyanatında bildirib.
Fransua Olland danışıqların yenidən bərpa olunmasının əhəmiyyətini qeyd edib: "Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik”.
Fransua Olland Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələrin olduğunu qeyd edib: "Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur. Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda, qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq”.
Olland bəyanatında Azərbaycan ilə Avropa İttifaqı arasındakı danışıqların başlanmasına da toxunub: "Biz istəyirik qarşıya qoyulan məqsədlərə nail olunsun. Şərq Tərəfdaşlığı çərçivəsində Avropa bu danışıqlara başlayıb və Fransa bunu elə ilk gündən dəstəkləyir”.

.