Jurnalist kimi fəaliyyətim dövründə Azərbaycan Prezidentinin səfərlərini işıqlandıran media qrupa daxil olmuşam.
Dövlət başçısının 30-a yaxın ölkədə keçirilən görüşlərini, beynəlxalq forumlardakı iştirakını, dövlət səfərlərini işıqlandırmışam. Bu gün o, tədbir və görüşlərin bir neçəsini xatırlatmaq istərdim, çünki prezident İlham Əliyev hər bir mötəbər tədbirdə Ermənistanın Azərbaycana təcavüzünü beynəlxalq ictimayyətin diqqətinə çatdırırdı. Qarabağ probleminin həll edilməməsinin region üçün təhlükə törətdiyini qeyd edirdi. 2006-cı ildə Buxarestdə keçirilən “Dialoq və Tərəfdaşlıq naminə” Qara dəniz forumunu işıqlandırmaq mənə nəsib oldu. Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirmişdi ki, münaqişələr kiminsə ideyaları, arzuları, gözləntiləri və ya planları əsasında həll edilə bilməz. Beynəlxalq normalar mövcuddur və Azərbaycan münaqişələrin bu normalar çərçivəsində həllinə tam sadiqdir. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq birlik, BMT tərəfindən tanınmışdır. Mövqeyimiz isə ondan ibarətdir ki, Dağlıq Qarabağ munaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Öz müqəddəratını təyin etmək prinsipi də mövcuddur. Lakin erməni xalqı Ermənistan dövləti çərçivəsində artıq bir dəfə öz müqəddəratını təyin etmişdir.
Hesab edirik ki, ermənilərin öz müqəddəratını yenidən Azərbaycan ərazisində təyin etməsi yolverilməzdir. Dünyada çoxlu erməni icmaları var və təsəvvür etmək mümkündür ki, onlar yaşadıqları hər bir dövlətdə öz müqəddəratlarını təyin etsələr, nə baş verə bilər. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. İnsanlar “nə müharibə, nə sülh” şəraitində yaşaya bilməzlər. Avropa ərazisində tanınmamış, qeyri-qanuni qurumların mövcudluğuna dözümümüz sonsuz ola bilməz. Və ya elə həmin il Almatıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair müşavirənin 2-ci Sammitində dövlətimizin başçısı qeyd etmişdir ki, hər bir dövlətin inkişafı ancaq sabitlik şəraitində mümkündür. Dövlətlərimizin müsbət nümunəsi göstərir ki, sabitlik olan yerdə, ictimai konsensus olan yerdə inkişaf da var. Lakin regionumuzda böyük təhlükə də var.
Bu, ilk növbədə, beynəlxalq terrorizmdir. O, əslində bütün planlarımızı alt-üst edə və sonu bəlli olmayan nəticələrə gətirib çıxara bilər. Təcrübə göstərmişdir ki, bu bəla ilə təklikdə mübarizə aparmaq mümkün deyildir. Bu məsələdə bütün dövlətlərin səylərini sıx birləşdirmək lazımdır, vahid yanaşma lazımdır, ikili standartlardan qurtarmaq lazımdır. Terrorizmin milliyyəti yoxdur, dini yoxdur, ona görə də bu məsələyə vahid mövqedən yanaşmaq üçün çox ciddi səylər gərəkdir. Terrorizmdən ziyan çəkən ölkə kimi, Azərbaycan terrorizmlə mübarizə ilə bağlı bir çox tədbirlərdə iştirak edir. Biz bu istiqamətdə gələcəkdə də işləyəcəyik. Erməni terror təşkilatları ölkəmizdə 32 terror aktı törətmiş və bunun nəticəsində iki min günahsız vətəndaşımız həlak olmuşdur.
Regionumuzdakı həll edilməmiş münaqişələr də sabitlik üçün potensial və praktiki təhlükə törədir. Dövlət başçısı Berlində keçirilən Bertelsmann Beynəlxalq Forumunda iştirakı zamanı da bildirmişdir ki, Ermənistan istisna olmaqla, Avropanın hər bir ölkəsində azlıqlar yaşayır. Ermənistan azlıqların yaşamadığı yeganə monoetnik ölkədir. Milli azlıq olmaq yaşadığın ərazini dövlətdən ayırmaq, başqa bir dövlətin ərazi bütövlüyünü pozmaq hüququna malik olmaq demək deyildir. Tanınmamış, qanunsuz Dağlıq Qarabağ kimi qondarma qurumlar hamımız üçün böyük təhlükə yaradır. Bu ərazilər hər cür nəzarətdən kənarda qalıb, burada heç bir beynəlxalq hüquq norması işləmir. Bu ərazilərdə bütün növ qanunsuz hərəkətlər həyata keçirilir. Buna görə də tanınmamış bu qondarma qurumlar Avropa üçün ən böyük təhlükədir. 2007-ci il Fransaya Dövlət səfəri zamanı fransanın “la lettre diplomatik” jurnalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sualı cavablandıran Prezident İlham əliyev vurğulamışdır ki, digər beynəlxalq təşkilatlar kimi, Avropa İttifaqı da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu mövqe Avropa İttifaqı ilə “Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı”nda da öz əksini tapmışdır. Həmin sənəddə deyilir ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü Avropada sülhün və sabitliyin qorunmasına öz töhfəsini verəcəkdir.Lakin təəssüflər olsun ki, Ermənistan, bütün digər beynəlxalq təşkilatların mövqeyi kimi, Avropa İttifaqının da mövqeyinə məhəl qoymur.
Ermənistan beynəlxalq hüququn bütün normaları və prinsiplərini pozur. Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymur. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunmuşdur. Ermənistan Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirmişdir. Bu siyasətin nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənilər Dağlıq Qarabağda heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan, qanunsuz referendumlar keçirirlər. Belə mövqe beynəlxalq davranış, beynəlxalq hüquq normalarına tam ziddir. Dövlət başcısının Koreya Respublikasına dövlət səfərini də yaxşı xatırlayıram. O zaman Koreyanın Kyunq He Universitetində çıxışı zamanı prezident İlham Əliyev regiondakı ümumi vəziyyəti şərh edərkən bildirmişdi ki, sitat-Bizim qonşularımız var və çalışmalıyıq ki, regional təhlükəsizliyə töhfə verək. Çünki təkcə öz ölkənin daxilində təhlükəsiz və proqnozlaşdırılan vəziyyətin olması kifayət deyildir. Eyni zamanda, qonşu ölkələrdə də sabitlik olması vacibdir. Ən böyük problemimiz Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın davam edən işğalı altında olmasıdır. Azərbaycanın bütün beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan dərhal çıxarılmalıdır və bizim qaçqın və köçkünlərimizə öz yurd-yuvalarına qayıtmaq imkanı verilməlidir. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və həmin ərazi üzərində suverenliyimiz bərpa olunacaqdır. Biz müasir infrastruktura çox sərmayələr qoyuruq. Öz iqtisadiyyatımızı, ordumuzu gücləndiririk və büdcəmizi artırırıq. Güclü olduğumuz təqdirdə, istənilən məsələni həll edə, təcavüzün və ədalətsizliyin nəticələrini aradan qaldıra bilərik. Əfsuslar olsun ki, bəzən beynəlxalq ictimaiyyət bu həll edilməmiş məsələyə göz yumur. Ona görə, bu məsələni özümüz həll etmək üçün biz güclü olmalıyıq.
Dövlət başçısı bütün görüşləri zamanı Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, onun region üçün törətdiyi fəsadları həmkarlarının, beynəlxalq ictimayyətin diqqətinə çatdırırdı. Odur ki, biz ermənistanı, onun siyasi rəhbərliyini illərdir ki, xəbərdar etmişdik, əfsuslar olsun ki, işğalçı ölkə buna məhəl qoymadı VƏ BU DA NƏTİCƏ.
Rəşad Nəsirov
.
