Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Prezident bildirib ki, hədəf 2030-cu ilədək tranzit yüklərin həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır.
“Tranzit yükdaşımalarında sürətli artıma nail olmuşuq. Məhz buna çalışırdıq. Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək bu göstəricini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır”, – dövlət başçısı vurğulayıb.
İlham Əliyev qeyd edib ki, bu məqsədlə fiziki infrastruktur qurulub, əsasən dəmir yollarına, dəniz limanlarına, hava yükdaşımalarına və avtomobil magistrallarına sərmayə yatırılıb.
“Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bütün qonşularımızla, eləcə də ölkə daxilində dəmir yolu əlaqəmiz var. Bu, işin mühüm hissəsi idi. İnkişaf etmiş ölkəyə çevrilmək üçün, şübhəsiz ki, qonşularımızla və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərimiz olmalıdır”, – Prezident deyib.
Dövlət başçısı bildirib ki, əks halda, dənizə çıxışı olmayan ölkə kimi nə qədər çalışsanız da, uğur qazana bilməyəcəksiniz. Onun sözlərinə görə, bu istiqamətdə də işlər görülüb və bu gün bütün qonşularla münasibətlər çox aydın və ən əsası, proqnozlaşdırılandır.
Prezident qeyd edib ki, yük göndərənlərin Azərbaycan marşrutunu seçməsi üçün müvafiq mühit və stimullar yaradılmalı idi.
“Biz bunu hətta hazırkı geosiyasi dəyişikliklərdən əvvəl etmişdik. Çünki indi əlavə təchizat zəncirlərinin də pozula biləcəyini təsəvvür etməyin belə çətin olduğu bir dövrdən keçirik”, – İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, yük göndərənlərin Azərbaycan ərazisindən keçərkən multimodal daşımalardan istifadə etməyi seçməsi üçün müvafiq fiziki və inzibati mühitin yaradılması qarşıya məqsəd qoyulub. Prezident qeyd edib ki, Azərbaycan ərazisindən keçən yüklərin daşınması zamanı bərə nəqliyyatından da istifadə edilməlidir.
“Bu gün istər Şərq–Qərb, istərsə də Şimal–Cənub istiqamətində Azərbaycan ərazisindən yükdaşımaya tələbatın artdığını görürük. Biz bu iki mühüm marşrutun kəsişməsində yerləşirik. Yeri gəlmişkən, Azərbaycan hər iki nəqliyyat layihəsinin fəal iştirakçısı olan çox az sayda ölkədən biridir”, – İlham Əliyev vurğulayıb.
Prezident bildirib ki, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub istiqamətlərinin hər ikisi üzrə qonşu ölkələrlə fəal əməkdaşlıq edir.
“Siz Mərkəzi Asiyanı qeyd etdiniz. Azərbaycan ötən ilin noyabrından Mərkəzi Asiya Məşvərət Şurasının üzvüdür. Bu, əslində, görünməmiş hadisədir. Çünki coğrafi baxımdan Cənubi Qafqazda yerləşirik, lakin siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik”, – dövlət başçısı deyib.
İlham Əliyev əlavə edib ki, nəqliyyatın idarə edilməsi və rəqəmsallaşdırılması, gömrük inzibatçılığı, eləcə də Azərbaycanda investorlar üçün çox aydın və anlaşılan qaydalar ölkənin potensialını gücləndirir.
“Regionumuzdakı geosiyasi vəziyyət dəyişərək beş il əvvəlki vəziyyətə qayıtsa belə, biz yenə də yükdaşıyanlar üçün cəlbedici olmalıyıq. Bu, çox maraqlıdır və burada qarşıya qoyulan məqsədlərdən biridir”, – Prezident vurğulayıb.
.
