“Bu haqda bu günə qədər bizim ikitərəfli münasibətlərdə məsələlər müzakirə olunmayıb”.

Bunu bu gün Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.

Dövlət başçısı deyib ki, bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazası var: “Bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir. O cümlədən bu müqavilələrdə hərbi sahədə əməkdaşlıq və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması haqqında hər hansı müzakirə olmayıb”. Prezident İlham Əliyev qeyd edib ki, bizim hərbi sahədə əməkdaşlığımız ildən-ilə güclənir: “Təkcə keçən il 10 birgə hərbi təlim keçirilib. Bu il koronavirusa görə bir az ara verildi və yalnız iki dəfə təlim keçirilib. Ancaq bu hərbi təlimlər də bizim bölgəmizdə böyük əndişə yaratdı. Hesab edirəm ki, bu əndişənin heç bir səbəbi, əsası yoxdur. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə əməkdaşlığımızın möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi - bu mənanı daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günə qədər beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan əməkdaşlığı o qədər güclüdür, o qədər geniş şaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir”.

Prezident: “Ermənistan ərazisindən Gəncəyə təşkil edilən o xain hücum göstərir ki, bu terrorçu dövlət hər şeyə əl ata bilər”

“İndidən bir şey söyləmək istəməzdim. Çünki mən hadisələri qabaqlamaq istəmirəm. Hər bir məsələnin həlli üçün münasib zaman olmalıdır, münasib durum yetişməlidir. Bunun nə zaman olacağını biz deyə bilmərik. Olacaqmı-olmayacaqmı, deyə bilmərik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində “Məsələn, Türkiyə və Rusiyanın Suriyada bəlli bölgələrlə bəlli işbirliyi var. Hərbi heyətlər, müşahidəçilər patrul xidməti göstərir. Bəlkə irəli bir tarixdə önünüzə belə bir formul gəlsə, nə deyərsiniz” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, amma bir şey dəqiqdir ki, artıq bu hərbi qarşıdurma başa çatandan sonra təbii ki, sülhü təmin etmək üçün müəyyən beynəlxalq cəhdlər də olmalıdır: “Bu cəhdlər hansı cəhdlər olacaq? Siyasi cəhdlər olacaq, yaxud hərbi sahədə hansısa təkliflər olacaqsa, bunu biz nəzərdən keçirməyə hazırıq. Təbii ki, azad edilmiş bölgələrə qayıdacaq Azərbaycan əhalisi orada sülh şəraitində yaşamalıdır, onların təhlükəsizliyi təmin edilməlidir. Ermənistan ərazisindən Gəncə şəhərinə təşkil edilən o xain hücum göstərir ki, bu terrorçu dövlət hər şeyə əl ata bilər. Ona görə təbii ki, beynəlxalq müstəvidə bu məsələ müzakirə edilməlidir. Ancaq bunun nə zaman olacağı haqqında bir şey deyə bilmərik”.

.