"Azərbaycan Novruzu gözəl nəticələrlə qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır”.
Bunu Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında Prezident İlham Əliyev deyib.
"Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir. Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik”, - deyə, dövlət başçısı vurğulayıb.
"Bakının ekoloji vəziyyəti yaxşılaşır. Vaxtilə şəhərimizin havasını çirkləndirən Balaxanı zibilxanası tamamilə aradan götürülübdür, indi park salınıbdır. Böyükşor gölü. Onun bir hissəsi, birinci mərhələsi tamamlanıb və təmizlənib. Bibiheybət buruqları ekoloji fəlakət mənzərəsi idi. Bu gün orada park, idman şəhərciyi salınıb. Bakının o hissəsi ilə bağlı bizim əlavə planlarımız var. Yeni yollar salınıb”.
Bunu Prezident İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş binalar sökülür, vətəndaşlara kompensasiya ödənilir və həmin binaların yerində yeni ictimai zonalar yaradılır: "Yəni, Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bakının nəqliyyat problemləri də həll olunur. Bakıda onlarla körpü, yol qovşağı tikilmişdir. Əgər vaxtilə tikilməsəydi, biz indi tıxacdan hərəkət edə bilməzdik. Şəhərimizin gələcək hərtərəfli inkişaf planı da diqqət mərkəzindədir. Şəhərimizin hər bir yerində abadlıq işləri getməlidir və əminəm ki, gedəcəkdir".
"Azərbaycan regional əməkdaşlıq məsələlərində bir çox hallarda təşəbbüskar kimi çıxış edir.”.
Bu sğzləridə Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında Prezident deyib.
"Bir neçə gün bundan əvvəl tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, İran, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü keçirilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir, tarixi görüşdür. Bundan əvvəlki dövrlərdə yenə də bizim təşəbbüsümüzlə bir neçə regional format yaranmış və uğurla fəaliyyət göstərir. Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli və nəhayət Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli formatlar yaranmışdır. Qeyd etməliyəm ki, bütün bu çoxtərəfli formatların təşəbbüskarı Azərbaycan olmuşdur. Bu, bölgədə sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir və bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarını təmin edir. Müzakirə olunan məsələlər siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir. Bildiyiniz kimi, bizim təşəbbüsümüzlə regionda çox böyük nəqliyyat layihələri icra edilir. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıb. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Yaxın gələcəkdə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam gücü ilə işləməsi nəticəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi bir neçə dəfə artacaqdır. Hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Azərbaycan ərazisində bu marşrutla bağlı bütün işlər görülübdür. Eyni zamanda, Azərbaycan bu marşrutun tam həyata keçirilməsi üçün əlavə tədbirlər görəcəkdir. Həmçinin bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün bizə imkan yaratdı və Bakıda dörd ölkənin xarici işlər nazirlərinin görüşündə, eyni zamanda, Cənub-Qərb nəqliyyat marşrutu müzakirə edildi. İlk dəfə olaraq, yenə də bizim təşəbbüsümüzlə. Beləliklə, baxmayaraq ki, Azərbaycanın açıq dənizlərə çıxışı yoxdur, biz Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevriləcəyik və bu istiqamətdə artıq gözəl nəticələr var.
Bir daha demək istəyirəm ki, regional əməkdaşlıq sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir. Biz bu regionda yaşayırıq, ona görə əlbəttə ki, regional dövlətlərlə bizim uğurlu əməkdaşlığımız davam edəcəkdir”, - deyə, dövlət başçısı vurğulayıb.
"Ermənistan dalan ölkədir".
Bunuda həmçinin Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında İlham Əliyev söyləyib.
"Biz digər beynəlxalq təşkilatlarla, Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparırıq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu gözəl mənzərə fonunda Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıbdır. Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir. Ermənistan bütün məsələlərdən təcrid olunmuş vəziyyətdədir, bir dənə də olsun regional əməkdaşlıq formatında iştirak etmir. Təkcə ona görə yox ki, biz buna imkan vermirik, - halbuki, hesab edirəm, bu, əsas amildir, - eyni zamanda, ona görə ki, Ermənistan nə siyasi, nə iqtisadi, nə nəqliyyat baxımından heç bir maraq doğurmur. Siyasi baxımdan bu ölkə müstəqil deyil, bu, satellit ölkədir. Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər. Burada bir neçə amil rol oynayır, birinci növbədə, baş alıb gedən rüşvətxorluq, oğurluq, korrupsiya halları, digər tərəfdən vətəndaşların kütləvi surətdə Ermənistandan çıxması, yəni, köç kütləvi xarakter alıbdır. İnvestisiya iqlimi çox bərbaddır və bazar məhdudluğu imkan vermir ki, bu ölkəyə investisiya qoyulsun. Belə bir mənzərə ilə üzləşən Ermənistan xalqı bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcəkdir. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir. Onlar siyasi səhnədə məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, AŞPA, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. Yəni, bu, Ermənistanın siyasi məğlubiyyətidir. Onlar diplomatik cəbhədə məğlubiyyətə uğrayıblar. Dağlıq Qarabağda keçirilmiş qondarma "referendum” heç bir ölkə tərəfindən tanınmayıb, beynəlxalq təşkilatlar da bunu tanımayıblar. Bu, bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir. Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik", - dövlət başçısı qeyd edib.
Dövlət başçısı çıxışında bildirib ki, bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır: "Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır".
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm, bir daha demək istəyirəm, bunu hamı bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu təsdiqləyən çoxsaylı kitablar, xəritələr var. O xəritələrdə indiki Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Tarixi kitablarda göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyəti, daha doğrusu 80 faizi azərbaycanlılar olub. Bu, tarixdir, tarixi həqiqətdir. Bunu bilməyənlər də bilsinlər və ən önəmlisi Azərbaycan gəncləri bunu bilsinlər. Bilsinlər ki, indiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır. Biz bunu heç vaxt unutmuruq və unutmayacağıq", - Prezident İlham Əliyev qeyd edib.
