Martın 26-da prezident İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Mədəniyyət mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilib.

Dövlət başçısı respublika müşavirəsində giriş nitqi söyləyib.

Sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, "MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun müavini Rövşən Həsənov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Biləsuvar rayonundan fermer Fazil Musayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, "Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor əvəzi Zakir Əzimov, Saatlı rayonundan fermer Nizami Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış ediblər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

"2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirilmişdir. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik. Bu gün isə pambıqçılığa dair üçüncü müşavirə Bərdə şəhərində keçirilir. Bərdənin pambıqçılıqda çox böyük ənənələri vardır. 1970-1980-ci illərdə Bərdə Azərbaycanın ən çox pambıq tədarük edən rayonlarından biri idi. Bərdəlilər yaxşı bilirlər ki, ulu öndər Heydər Əliyev bu sahəyə çox ciddi diqqət göstərirdi və dəfələrlə Bərdədə olmuşdur. Bərdədə pambıqçılıqla bağlı dəfələrlə zona müşavirələri keçirilmişdir. O illərdə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdır”.

Bunu Prezident İlham Əliyev Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.

"Bərdə uğurla inkişaf edir. Mən Prezident kimi dəfələrlə Bərdə rayonunda olmuşam. Bu, mənim Prezident kimi Bərdəyə altıncı səfərimdir. Bütün səfərlərdə verilən tapşırıqlar və onların icrası nəticəsində biz Bərdə rayonunda çox ciddi sosial-iqtisadi inkişafa nail ola bilmişik. Rayon uğurla inkişaf edir, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bərdə şəhəri gözəlləşir. Kəndlərdə də infrastruktur, yol infrastrukturu yaradılır. Bir neçə yol layihəsi icra edilmişdir. Dünən biz bir kənd yolu layihəsinin açılışını qeyd etdik. Yeni yol layihəsinin icrası ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Digər infrastruktur layihələri uğurla icra edilir. Bərdədə qazlaşdırma 100 faizə yaxınlaşır və demək olar ki, kəndlərin hamısı artıq qaz şəbəkəsi ilə təmin edilibdir. Bir neçə kənd qalıb ki, oraya da qazın verilməsi nəticəsində Bərdədə vətəndaşlar təbii qazla 100 faiz təmin olunacaqlar” - deyə prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur:"Digər məsələlər öz həllini tapır, sosial infrastruktur yaradılır, bir çox məktəblər tikilmişdir. Qarabağ bölgəsində birinci "ASAN xidmət” mərkəzi də məhz Bərdədə yaradılmışdır. Digər sosialyönümlü layihələr icra edilmişdir, Olimpiya Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, uşaq xəstəxanası tikilmişdir. Yəni, bərdəlilər bütün bu işləri yaxşı bilirlər, bu işlərin fəal iştirakçılarıdırlar. Dövlət tərəfindən bundan sonra da Bərdə rayonunun inkişafına böyük diqqət göstəriləcək. O cümlədən Bərdədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur".

Prezident qeyd edib ki, 1970-ci illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır:"O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət – AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı. Hakimiyyətə gəlmiş təcrübəsiz adamlar, ümumiyyətlə, iqtisadiyyat haqqında heç bir biliyə malik deyildilər, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı heç bir iş görülmürdü. Ümumiyyətlə, Azərbaycanda yaşanan xaos, anarxiya, hərc-mərclik imkan vermirdi ki, ölkəmiz inkişaf etsin. Yalnız 1993-cü ildən sonra - xalq Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət edəndən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da inkişaf dövrü başlamış, islahatlar aparılmışdır. Hesab edirəm ki, o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı ən önəmli qərar kənd təsərrüfatında işləyənlərin vergilərdən azad edilməsi idi".


.