Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, amma hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik.
Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində müvafiq sualı cavablandırarkən bildirib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa Şurasının heç bir sualı yoxdur: “Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”.
Azərbaycan Prezidenti: Mümkün sülh müqaviləsi ilə biz müharibə və düşmənçilik səhifəsini qapadacağıq
Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq.
Bu fikirləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində söyləyib.
Kommunikasiyaların açılmasının mümkün sülh müqaviləsinin hissəsi olmadığını qeyd edən dövlətimizin başçısı deyib: “Bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.
.
