Biz öz torpaqlarımızı azad etməli idik. Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik.

Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik

“Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar”.

Bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Ötən bir il ərzində görülən genişmiqyaslı bərpa və quruculuq işləri barədə danışan dövlətimizin başçısı deyib: “Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq”.

Prezident İlham Əliyev: Füzulidə icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir

Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir.

Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib: “Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir”.

Prezident qeyd edib ki, Füzulidən Şuşaya elektrik xətləri çəkildi. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli bu gün qoyuldu.

Prezident: Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq

“Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir”.

Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməlinin qoyulduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. “Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq. Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb

 

İlham Əliyev: Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı

Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır.

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

Dövlətimizin başçısı deyib: “Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan üç gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi”.

Prezident İlham Əliyev: Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı

Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı.

Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür və bunu artıq heç kim inkar edə bilməz

Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki, Füzuli ən çox dağıntılara məruz qalmış rayondur.

Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib: “Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Siz yaxşı xatırlayırsınız, Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz”.

.