"Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir".

Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında partiyanın sədri, Prezident İlham Əliyev deyib.

Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqaişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir: "Heç vaxt imkan verə bilmərik ki, Azərbaycan toropaqlarında ikinci erməni dövləti yaradılsın. Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Təcrid siyasəti torpaqlarımız işğaldan azad etdirilənədək davam edəcək. Beynəlxalq reytinqlər Azərbaycan orsdusunun gücünü əks etdirir”.

"Bundan sonra da ölkədə siyasi və iqtisadi islahatlar davam etdiriləcək”.
Bunu da İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Dövlət başçısı deyib ki, ölkədə bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayır: "Bu, vətəndaş sülhünün əsas şərtidir. Azərbaycan dünyada multikultural ideyaların təbliğində əsas məkan kimi tanınır. Yürüdülən xarici siyasət özünü doğruldub, Azərbaycanın dostlarının sayı artıb.

Bir neçə il əvvəl 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan müsəlman aləmində çox böyük dəstək qazanıb. Avropa ölkələri ilə əlaqələr yüksək səviyyəyə qalxıb. Beynəlxalq təşkilatlarla əlaqələr inkişaf edir”.

"Azərbaycanda aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının ideyaları xalq tərəfindən dəstəklənir”.
Bu sözləri də Azərbaycan prezidenti Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Dövlət başçısı deyib ki, 700 mindən çox üzvü olan siyasi təşkilata gənclərin axını davam edir: "Son 25 ildə partiya şərəfli yol keçib, bütün seçkilərdə qələbə qazanıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Müstəqilliyin ilk illərində ölkədə yaranan acınacaqlı vəziyyət xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyevin fəaliyyəti nəticəsində aradan qaldırılıb. 1993-cü ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində nailiyyətlər qazanılıb. 2003-cü ildən sonra Heydər Əliyev siyasəti uğurla davam etdirilib. Bu illər ölkəmizin sürətli inkişaf illəridir. Vəzifələr uğurla həllini tapıb, vədlər həyatda öz əksini tapıb. Ölkədə sabitliyi şərtləndirən əsas məsələ xalq-iqtidar birliyidir. Bu gün dünyada ən təhlükəsiz ölkələrdən olan Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu siyasət gələcəkdə də davam etdiriləcək”.



.