Bu il ikinci dəfə qardaş Türkmənistana səfər edirəm və yenidən burada olmaqdan çox məmnunam. Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürümü bildirirəm. Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir.

Bunu Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir.

Prezident: Azərbaycan, Türkiyə və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərir

Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb.

Bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

“Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev: Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib

Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.

“2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45% artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu rekord göstəricidir. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan üzərindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80%-dən çox artmışdır”, - Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq, bütün işlər 2024-cü ildə tamamlanacaq

Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq.

Bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40%-i, avtomobil yolu üzrə 70%-i icra olunub.

“Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”, - Prezident İlham Əliyev vurğulayıb.

.