Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndinin təməlini qoyub.

Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Qiyaslı kəndində 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək.

Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə işlə təmin olunacaqlar.

Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.

Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

Prezident İlham Əliyev Qiyaslı kəndinin təməlini qoydu.

Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub.

Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır.

Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali müxtəlif təyinatlı obyektlərdə və kənd təsərrüfatı sahələrində işlə təmin olunacaqlar.

Salahlı Kəngərli kəndində 480 şagird yerlik məktəb, 80 yerlik isə uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq.

Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev Salahlı Kəngərli kəndinin təməlini qoydu.

Prezident Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulub.

Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 851 ailənin - 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.

Prezident İlham Əliyev görüləcək işlər barədə videoçarxa baxdı.

Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada uşaq bağçası, məktəb, kollec binaları, kollektiv istirahət və təhsil obyektləri, inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra xidmət müəssisələri yaradılacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

Prezident İlham Əliyev Baş Qərvənd kəndinin təməlini qoydu.

Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb.

Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva su anbarında görülən işləri əks etdirən videoçarxa baxdılar.

Dövlətimizin başçısı Xaçınçay su anbarını işə saldı.

Qeyd edildi ki, texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.

İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirildi ki, başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.

Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

.