"Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir ki, fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb - Azərbaycan, İran, Gürcüstan və Türkiyə".

Bunu bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda Prezident İlham Əliyev deyib.

"Burada həm əlbəttə ki, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi məsələlər, qarşılıqlı dəstək, eyni zamanda, iş adamları üçün, bir daha demək istəyirəm, geniş imkanlar açılır".

"Prezident Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatır. Tam əminliklə demək olar ki, səfər çox uğurlu keçib və səfərin çox gözəl nəticələri vardır".

Bunu da  Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir: "Dünən keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Biz Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir.

Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik. Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik. Mən şadam ki, bu tapşırıqları yerinə yetirən hökumətlərarası komissiyanın üzvləri, bütün vəzifəli şəxslər öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir. Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır".

"Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır”.

Bunu isə İran Prezidenti Həsən Ruhani Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda çıxışı zamanı bildirib.

İran Prezidenti Həsən Ruhani xalqlarımızın dini, tarixi və adət-ənənələr baxımından olduqca bir-birinə yaxın olduğunu deyib, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın, həmçinin, müştərək fəaliyyətimizin bütün regionun xeyrinə olduğunu bildirib.

Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin bütün region və dünya üçün faydalı olduğunu deyərək bu səfərin tarixi qərarların qəbul edilməsi ilə nəticələndiyini, bütün bunların xalqlarımızın rifahına xidmət edəcəyini vurğulayıb, Xəzərdə müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumun əhəmiyyətindən danışıb, Xəzər dənizinin əməkdaşlıq, təhlükəsizlik və dostluq dənizi olduğunu bildirib.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini və bir-birinin yanında olduğunu deyən Həsən Ruhani Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayaraq bu layihə ilə bağlı görülən işlərin səmərə verəcəyini əminliyini ifadə edib.

Ölkələrimiz arasında istifadə olunmayan potensialın Azərbaycan və İran prezidentlərinin şəxsi təşəbbüsləri və xidmətləri sayəsində artıq aktivləşdirildiyini deyən Həsən Ruhani müştərək iqtisadi əlaqələrin xalqlarımızın rifah halının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyindən danışıb. Səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib.

İran Prezidenti ölkələrimizin turizm potensialından istifadə edilməsinin əhəmiyyətini vurğulayıb, xalqlarımız arasında gediş-gəlişin intensivləşdirilməsi, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.

"Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır” deyən Həsən Ruhani iş adamlarına müraciət edərək onları qarşılıqlı layihələrin icrasında fəal olmağa çağırıb.

.