Düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib.

Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib: “Bu, tarixi hadisədir. Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi”.

Azərbaycan Prezidenti: Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi

Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi.

Bu fikri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Füzuli uğrunda çox şiddətli döyüşlər getdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz”.

.