"Donetskdə və Luqanskda yalnız hərbi üsullarla müharibə etmək mümkün deyil”.
Ukrayna prezidenti Petro Poroşenko bazar günü Ukrayna televiziya kanallarına verdiyi böyük müsahibəsində deyib.
"Heç kəsin heç bir illüziyası yoxdur – biz bu şəhərlərə bir neçə batalyon hərbçi yeridib vəziyyəti qaydaya salmağa müvəffəq ola bilmərik. Bizi sadəcə bunu etməyə qoymazlar” - Poroşenko deyib.
"Orada nə qədər çox Ukrayna ordusu olsa, o qədər də çox Rusiya qoşunu olacaq... Biz yalnız sülhlə qalib gələ bilərik” - Ukrayna prezidenti hesab edir.
Eyni zamanda onun sözlərinə görə, Ukrayna hər ehtimala qarşı – "əgər sülh planı işləməsə” – öz ordusunu gücləndirməlidir.
Poroşenko Donbasda vəziyyətin tədricən yaxşılaşdığını qeyd edib.
"Biz bu iki yarım həftə ərzində nəhayət orada kifayət qədər uzun müddət qalan hissələri rotasiya və döyüş qabiliyyətini bərpa etmək üçün geri çəkmək imkanına nail olmuşuq” - o izah edib.
Ukrayna prezidentinin məlumatına görə, ölkənin cənub-şərqində döyüşlərdə hərbi texnikanın 65 faizi sıradan çıxarılmışdır, lakin artıq bu itkilər bərpa edilib.
Poroşenko Ukraynanın xarici dövlətlərdən öldürücü silah almadığını bəyan edib, çünki onda ehtiyac olmayıb.
"Bizim pulemyotlarımız, tanklarımız, yaylım atəşi sistemlərimiz, raket, artilleriya və bu uzunluqda cəbhəni saxlamağa imkan verən başqa silahlarımız var”, - o, jurnalistlərə deyib.
Lakin Poroşenkonun sözlərinə görə, Ukrayna ordusunun doğurdan da ayrı-ayrı hərbi avadanlığa və ləvazimata ehtiyacı var.
"Biz silahımızın səmərəliliyini onlarla qat artırmağa, modernləşdirməyə imkan verən nə hərbi avadanlıq lazımdırsa - kəşfiyyat, radar, nəzarət və başqa – almışıq və almalıyıq... və bu yalnız ABŞ tərəfindən olmayacaq”, - Ukrayna prezidenti əlavə edib.
Petro Poroşenko eləcə də Donbasın bir sıra "xüsusi statuslu” rayonlarına dörd tərəfdən Ukrayna sərhədçilərinin nəzarət edəcəyini bəyan edib.
Poroşenkonun sözlərinə görə, bu, münaqişənin daha da yayılmasının qarşısını almaq üçün lazımdır (BBC).
.