Hazırda çoxsaylı iqlim təhdidləri var. Onların həlli üçün Rio Konvensiyasının hər üçü - iqlim, biomüxtəliflik və səhralaşma ətrafında səylərimizi birləşdirməliyik.
Bunu Polşa Prezidenti Andjey Duda Bakıda keçirilən COP29 İqlim Sammitində bəyanatında bildirib.
Onun sözlərinə görə, bu, Prezident kimi iqlim konfransında son iştirakıdır: “2016-cı ildə Paris Sazişini şəxsən ratifikasiya etmək şərəfinə nail olduğuma görə məmnunam. Katovitsedə COP24-ün təşkilindən böyük məmnunluq duyuram. Bu, mənim fikrimcə, bir çox cəhətdən əlamətdar hadisə idi".
"Məhz Katovitsedə biz Paris Sazişinin prinsiplərinin həyata keçirilməsi üçün rəhbər olan Katovitse Qaydalar Kitabını qəbul etdik. Həmçinin orada Həmrəylik və Ədalətli Keçid Bəyannaməsi ideyası yarandı. Bu gün o, bütün dünyada enerji və iqtisadi transformasiya üçün istiqamətverici oriyentirdir", - A.Duda qeyd edib.
Onun sözlərinə görə, Polşa meşələrə qayğı göstərir və onları qoruyur, çünki onlar həm də Polşada yaşayan bir çox bitki, heyvan və göbələk növləri üçün ev və yaşayış mühiti təmin edir: "Biomüxtəlifliyin qorunması Yer üzərində həyatın mövcudluğu üçün ön şərtdir. Unutmayaq ki, dünyada gedən müharibələr ekoloji səylərimizi zəiflədir. Rusiyanın Ukraynaya qarşı müharibəsi göstərdi ki, silahlı münaqişələr insanlar, ətraf mühit və iqlim üçün zərərli olan ciddi ekoloji zərər və çirklənməyə səbəb olur".
.