Quba dindarları Nizami Nəcəfov və Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun işi üzrə məhkəmə prosesi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edərək müvəkilləri barədə bəraət hökmünün çıxarılmasını istəyiblər.
Dindarlar bu ilin yanvarında MTN-in Qubada keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunublar. Onlar qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı (Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısı olub-red.) oğurlamağa cəhddə ittiham olunurlar.
İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu, II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.
2013-cü ilin noyabrında Vəfanur Məmmədov tanışı Nizami Nəcəfovla Mərziyyə Osmanovanı oğurlamaq və onun azad olunması müqabilində yaxın qohumlarından külli miqdarda pul almaq barədə razılığa gəliblər. Həmin pulun qrup üzvləri arasında hansı şəkildə bölüşdürüləcəyinə dair müzakirələr aparılıb.
Nizami Nəcəfovun razılaşmasından sonra Vəfadar Məmmədova sözügedən cinayətdə iştirak etməsi təklif olunub.
Məhkəmə prosesi dekabrın 12-də davam etdiriləcək.
.