Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan şəxsin ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib: "İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.

Hazırda faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi başlanıb. "İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə E. Zahidov qeyd edib.

Qeyd edək ki, bəzi KİV-də polis tərəfindən saxlanılan B. Hacvıyevin döyülərək öldürülməsi barədə məlumatlar yayılıb.




***


Mingəçevirdə polis bölməsində müəmmalı ölüm hadisəsi baş verib.

Belə ki, Mingəçevir Şəhər Polis İdarəsinə çağırılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun bir müddətdən sonra ölüm xəbəri gəlib.
Bəhruz Hacıyevin atası Dilsuz Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, onun oğlu polis idarəsinə dindirilmək məqsədi ilə aparılıb. Amma polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar.
D.Hacıyevin sözlərinə görə, oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.
"Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu, mənə inandırıcı gəlmir" - deyə D.Hacıyev bildirib.
B.Hacıyevin meyiti xəstəxananın morquna yerləşdirilib.
.