
Bu gün - avqustun 20-də Mingəçevir Şəhər Polis İdarəsində baş verən ölüm hadisəsi ilə bağlı idarənin qarşısında etiraz aksiyası olub.
Polis idarəsinin qarşısına toplaşan şəhər sakinləri ölüm faktının intihar olmasına inanmadıqlarını bildirirlər.
Yada salaq ki, avqustun 20-də polis idarəsinə çağırılan 27 yaşlı Bəhruz Hacıyevin bir müddətdən sonra ölüm xəbəri gəlib.
Bəhruz Hacıyev polis idarəsinə dindirilmək üçün aparılıbmış. Amma polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar.
Hadisədən sonra elə həmin gün Bəhruz Hacıyevin qohumları ilə yerli polis arasında qarşıdurma yaranıb. Adının çəkilməsini istəməyən Mingəçevir şəhər sakini "Azadlıq" radiosuna bildirib ki, qarşıdurma zamanı polis dəyənək və qalxandan istifadə edib.
Mingəçevir Şəhər Polis İdarəsindən isə deyiblər ki, polislə camaat arasında heç bir qarşıdurma olmayıb. Bəhruz Hacıyev dindirməyə çağırılıbmış. Qəfildən özünü pəncərədən atıb və ölüb.
Yaxınları isə Bəhruz Hacıyevin döyülərək öldürüldüyü qənaətindədir. Onlar bu gün də polis idarəsinin qarşısına toplaşaraq etirazlarını bildirirlər.
.