Azərbaycan və Rusiya sərhədinin Rusiya tərəfində yüzlərlə azərbaycanlı ölkəyə geri dönməyi gözləyirlər. Zamanla xaricdə yaşayan azərbaycanlıların vətənə gətirilməsi istiqamətində Azərbaycan hökuməti addımlar atır.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Qəzet.az-ın əməkdaşı Tehran Orucoğlu ilə müsahibəsində bildirib ki, 15 mart tarixindən 27 may tarixinə qədər 7 min 144 nəfər vətəndaşımızın Azərbaycana qayıdışı təmin edilib.

“Düzdür, bu gün Rusiya-Azərbaycan sərhədində yüzlərlə soydaşımız öz vətənlərinə dönmək üçün sərhədin açılmasını gözləyirlər.  Bununla bağlı bir neçə məqamı bir daha xüsusi olaraq vurğulamaq istəyirəm.

Belə ki, xarici ölkəyə uzun müddətə gələn hər bir Azərbaycan vətəndaşı həmin ölkədə Səfirliyimiz fəaliyyət göstərirsə, ilk olaraq orada konsulluq uçotuna dayanmalıdır. Bu, ilk öncə ona görə lazımdır ki, Azərbaycan dövlətinin xaricdə olan vətəndaşının sayı haqqında məlumatı olsun, bu ölkədə hər-hansı problemlə qarşılaşdığı təqdirdə ona vaxtında lazımi köməklik göstərilə bilsin. Başqa vaxt qeydiyyata düşmək vətəndaşa o qədər də vacib görsənməyə bilər. Lakin, üzləşdiyimiz yeni növ koronavirus kimi ümumbəşəri fəlakət təhdidlərə qarşı operativ şəkildə cavab tədbirlərinin görülməsi üçün belə bir uçotun aparılmasının zəruriliyini və xarici dövlətə səfər edən hər bir vətəndaşımız tərəfindən mütləq şəkildə konsulluq qeydiyyatından keçməsinin vacibliyini çox ciddi şəkildə göstərdi. Rusiyanın misalında təəssüflə qeyd etmək istəyirəm ki, buraya gələn vətəndaşlarımızın əksəriyyəti konsulluq uçotuna dayanmırlar, özləri haqda məlumat vermirlər. Bu da öz növbəsində vətəndaşlarımızın sayının müəyyən edilməsində çətinliklər yaradır və nəticədə dövlət tərəfindən yardım üzrə fəaliyyət planının  hazırlanıb yerinə yetirilməsinə əngəl törədir. Bu səbəbdən də hər bir problem  faktiki olaraq müraciət olunduqda həll edilməyə başlayır.    

Digər tərəfdən aydın oldu ki, dünyada heç bir dövlət, hətta ən inkişaf etmiş ölkələr də, onların səhiyyə sistemləri də sözügedən pandemiya ilə mübarizəyə hazır deyildir. Artıq COVİD-19 ilə mübarizədən ən az zərərlə çıxmaq əsas şərt olmuşdur. Bu gün tam əminliklə deyə bilərəm ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən epidemiolojı vəziyyətlə bağlı qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısı qətiyyətlə alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyin sözçüsü Leyla xanım Abdullayevanın və mənim Rusiyadakı Azərbaycan vətəndaşlarımıza bütün mümkün olan vasitələrlə çoxsaylı müraciətlərimiz olmuşdur. Hər kəsə olduğu yerdə qalmağa, Rusiya-Azərbaycan sərhədinə getməməyə, orada toplaşmamağa, yerli hökumət üçün əlavə problemlər yaratmamağa və sərhəd-keçid məntəqəsində heç bir şəraitin olmadığı səbəbindən öz həyatlarını təhlükəyə atmamağa dair çağırışlar edilmişdir. Çox təəssüf ki, bəzi vətəndaşlarımız edilən çağırışlara məhəl qoymamış və Dağıstan sərhədinə getmişlər. Təbii ki, həmin şəxsləri başa düşmək olar, onların bəziləri iş yerlərini itiriblər, əmək haqlarını ala bilmirlər, kirayə haqqını verə bilmirlər, çətin vəziyyətə düşüblər. Lakin, mövcud olan şəraitdə sərhədə getmək də çıxış yolu deyil. Səfirliyə müraciət edən hər kəsə bu məlumat verilib.

Bütün bunlara baxmayaraq, büdcə təşkilatı olan Səfirlik, öz məhdud imkanları çərçivəsində nə mümkündürsə edir. Vətəndaşlarımıza kömək göstərilməsi üçün hər gün bir neçə dəfə Dağıstan Respublikasının rəhbərləri ilə, sərhəd rayonlarının icra başçıları ilə təmasdayam. Bəzilərinə oradakı otellərdə yerləşdirilməsi üçün lazımi köməklik göstərilmişdir. “Çayka“ deyilən istirahət mərkəzində 150 nəfəri 10 günlük yerləşdirə bilmişik. Bundan əlavə, Rusiyadakı imkanlı soydaşlarımız da öz dəstəyini əsirgəmədilər. Dağıstan Respublikasının, ölkəmizlə sərhəddə yerləşən Məhərrəmkənd və Dərbənd rayonlarının rəhbərliyinin, yerli əhalinin, diaspora fəallarının Azərbaycan vətəndaşlarına göstərdikləri qardaşlıq köməkliyini xüsusi vurğulamaq lazımdır! Bu fürsətdən istifadə edərək onlara dərin təşəkkür və minnətdarlığımı bildirmək istərdim.

Hesab edirəm ki, oxuculara ümumi statistik rəqəmlər də maraqlı olar. İndiyə kimi, Səfirliyin koordinasiyası ilə, cari ilin 15 mart tarixindən 27 may tarixinə qədər 7144 nəfər vətəndaşımızın Azərbaycana qayıdışı təmin edilmişdir. Onlardan hava yolu ilə 5312, quru yolla isə, yənı Dağıstanın sərhədindən,  1832 nəfər vətənə qayıdıb.

Ciddi problem ondan ibarətdir ki, nə qədər sərhəddən insanlar buraxılırsa,   nə qədər haradasa yerləşdirilirsə, dərhal iki qat artıq sayda insanımız yenidən gəlir. Azərbaycanda isə karantin yerlərinin, xəstəliyə yoluxmuş insanlar üçün çarpayıların sayı imkan verdikcə ölkəmiz vətəndaşlarımızı tədricən qəbul edir. Bu praktika bütün dünyada tətbiq olunur. Karantin yerləri boşalmalıdır ki, həmin yerlərə qayıdan vətəndaşlarımız yerləşdirilsin. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycana tək Rusiyadan deyil, dünyanın bir çox ölkələrindən, o cümlədən Türkiyədən, Gürcüstandan, Qazaxıstandan, Ukraynadan, Belarusdan, Almaniyadan, İngiltərədən və digər ölkələrdən qayıtmaq istəyən azərbaycanlılar var.

Bildiyiniz kimi, koronavirus infeksiyasının Dağıstanda sürətlə yayıldığı və yoluxan insanların sayının kəskin şəkildə artdığı bir şəraitdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olmuşdur. Nəticədə orada dəhliz açılmış və vətəndaşlarımızın qrup şəklində vətənə qayıtması prosesi sürətləndirilmişdir. Həmçinin keçən qısa müddət ərzində Rusiyanın Hökumət başçısı ilə Azərbaycanın Baş naziri arasında üç dəfə və iki ölkənin xarici işlər nazirləri arasında üç dəfə baş tutmuş telefon danışıqları zamanı mövcud çətin vəziyyət müzakirə  edilmişdir.

Vətəndaşlarımıza hər cür dəstəyin göstərilməsi üçün əlimizdən gələni əsirgəmirik. 19 mart tarixindən yalnız Səfirliyin “qaynar xətti”nə 100 min 155 müraciət daxil olmuşdur. Hər bir müraciətə də fərdi olaraq baxılmış, mümkün olan köməklik göstərilmişdir. Lakin onu da qeyd etmək lazımdır ki, ölkəyə qayıdan soydaşlarımızın bəzilərində koronavirus aşkarlanmışdır. Şübhəsiz ki, belə bir vəziyyət xəstəliyə qarşı var gücü ilə mübarizə aparan həkimlərimizə əlavə problemlər yaradır və bu da ölkəmizdə insanlarımız üçün əlavə yoluxma təhlükəsi deməkdir. Rusiyada olan soydaşlarımızdan yuxarıda sadaladığım bütün məqamlara, ümumi vəziyyətə anlayış və səbir göstərməklərini rica edirəm.

Bir daha demək istəyirəm ki, dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülür və görüləcəkdir. Hər bir vətəndaşımızın qayğısına qalmaq bizim həm vəzifə, həm də mənəvi borcumuzdur. Bizdən asılı olmayan çoxlu məqamlar olsa da, onların vətənimizə tezliklə qayıtması üçün bütün lazımı addımlar atılır. Lakin onu da qeyd etmək lazımdır ki, vəziyyət mürəkkəb olaraq qalır. Bir daha vətəndaşlarımıza üz tutaraq xahiş edirəm ki, sərhədə getməsinlər. “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş vətəndaşlarımız olduqları yerdə gözləməlidirlər. Onlara nə vaxt və necə vətənə gedə biləcəkləri haqda məlumat Operativ Qərargah tərəfindən veriləcəkdir. Bir az da dözümlü olmaq  lazımdır. Biz bu böyük bəlaya ancaq anlayış göstərməklə birlikdə qalib gələ biləcəyik”. 

.