Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfir Polad Bülbüloğlu Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fazil Qurbanovun vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və bütün doğmalarına dərin hüznlə baş sağlığı verib. Bu Barədə Yenizaman.az xəbər verir. 

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin kollektivi və şəxsən öz adımdan Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fazil Qurbanovun vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və bütün doğmalarına dərin hüznlə baş sağlığı verirəm. 
Fazil Qurbanovun vəfatı Azərbaycan və Rusiya elmi ictimaiyyəti, Rusiyadakı Azərbaycan diasporu üçün olduqca ağır itkidir. O, uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyəti ilə tibb sahəsində çoxsaylı gənc mütəxəssislərin, alim və həkimlərin yetişməsinə böyük töhfə vermişdir. Fazil Qurbanov, həmçinin fəal ictimai xadim və nüfuzlu şəxs kimi Azərbaycan diasporunun həyatında yaxından iştirak etmiş, diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsi, onların vahid məqsəd ətrafında birləşdirilməsi istiqamətində əhəmiyyətli səylər göstərmiş və Səfirliyin keçirdiyi çoxsaylı tədbirlərdə fəal iştirak etmişdir. 
Mərhumun əziz xatirəsi onu tanıyan şəxslərin qəlbində əbədi yaşayacaqdır. 


Allah rəhmət eləsin!
Fövqəladə və Səlahiyyətli Səfir
Polad Bülbüloğlu

.