
"ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın dövlət siyasəti qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımamaqdır”
"Rusiya Xarici İşlər Nazirliyinin qəbul etdiyi sənədlərə istinadən deyirəm ki, "Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun Moskvada heç bir nümayəndəliyi yoxdur”.
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, bu sözləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlu "Kommersant” radiosuna müsahibəsində deyib.
Sözügedən radionun qondarma "Dağlıq Qarabağ Respublikası”nın Moskvadakı nümayəndəsi adlandırdığı şəxsin açıqlamasını efirə verməsinə münasibət bildirən səfir belə bir nüfuzlu kanalın həmin şəxsə efir verməsinin Azərbaycan tərəfində təəccüb doğurduğunu bildirib: "Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ hazırda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Sizdən xahiş edirəm ki, gələcəkdə öz redaksiya siyasətinizi dövlət siyasəti ilə uyğunlaşdırasınız. Çünki ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın dövlət siyasəti qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımamaqdır. Məndə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi notası var və orada göstərilir ki, Rusiya Dağlıq Qarabağı respublika kimi tanımır və Dağlıq Qarabağın Rusiya ərazisində heç bir nümayəndəliyi yoxdur”.
"Biz öz ərazi bütövlüyümüzü müdafiə edirik və bütün mümkün üsullarla, o cümlədən hərbi üsulla bu müdafiəni davam etdirəcəyik”. Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən verilən məlumata görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Kommersant” radiosuna müsahibəsində deyib. O bildirib ki, Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib və bu, heç kəsə sirr deyil: "Bizim kifayət qədər güclü silahlı qüvvələrimiz var. Biz öz ərazi bütövlüyümüzü müdafiə edəcəyik. İşğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə, biz təcavüzə hər cür müqavimət göstərəcəyik”.
Səfir Ermənistanın helikopterin vurulmasına qarşılıq veriləcəyi ilə bağlı Azərbaycanı hədələməsinə toxunaraq Azərbaycanın heç bir təhdiddən qorxmadığını söyləyib: "Yaxşısı budur ki, Ermənistan bu gün öz vəziyyətini düşünsün. İnanmıram ki, belə bir vəziyyətə olan dövlət kiməsə təhlükə ola bilər. Biz öz ərazilərimizi təmizləmə siyasətini davam etdirəcəyik”.
Ermənistan tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin hadisə baş verən ərazini davamlı atəşə tutması barədə bəyanatına münasibət bildirən P. Bülbüloğlu Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlər keçirdiyini nəzərə çatdırıb: "Xarici İşlər Nazirliyimiz də əvvəlcədən bəyanatla çıxış edib ki, faktiki olaraq başqa bir ölkə Azərbaycan ərazisində hərbi təlimlər keçirir. Siz bunu necə təsəvvür edirsiniz ki, hər hansı bir ölkənin hərbi helikopteri Rusiya sərhədini keçə bilər? Belə olan halda Rusiya qoşunları necə davranardı? Hər bir ölkə öz sərhədlərini qoruyur. Bu, sərnişin helikopteri deyil, hərbi helikopterdir. Hərbi helikopter o ərazilərdə niyə uçmalıdır?”
ATƏT-in baş verən hadisədən narahatlığını ifadə etməsinə səfir belə reaksiya verib: "ATƏT-i ilk növbədə Azərbaycandakı məcburi köçkünlər narahat etməlidir. Onların hüquqları pozulub. 200 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olunub. ATƏT bununla məşğul olsun. Qoy, narahat olsun ki, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı BMT TŞ-nin və Baş Assambleyanın qətnamələri yerinə yetirilmir”.
.