Almaniya Yaxın Şərqdə münaqişə davam etdiyi müddətdə Hörmüz boğazı ətrafında hərbi əməliyyatlarda iştirak etməyəcək.

Bunu Avstraliyada səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistorius mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Berlin yalnız atəşkəs və ya sülh əldə olunduqdan sonra gəmiçiliyin təhlükəsizliyini təmin edən əməliyyatlara qoşulma ehtimalını nəzərdən keçirə bilər.

“Biz müharibə davam etdiyi müddətdə bu regionda hərbi əməliyyatlarda iştirak etməyəcəyik. Sülh əldə olunarsa, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmini məsələsinə baxa bilərik”, – deyə Pistorius qeyd edib.

Nazir həmçinin münaqişənin gedişi ilə bağlı narahatlığını ifadə edib.

“Ən böyük problem odur ki, nə məsləhətləşmələr var, nə strategiya, nə də aydın məqsəd. Ən pisi isə çıxış planının olmamasıdır”, – deyə o vurğulayıb.

Pistorius əlavə edib ki, ABŞ-ın müttəfiqlərlə bağlı yanaşması dəyişib və Vaşinqton Avropa ölkələri ilə kifayət qədər məsləhətləşmələr aparmayıb.

.