23 dekabr 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasi fəaliyyətinin uğurları” başlığı altında tədbir keçirildi. Videokonfrans formatında keçən tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəalları, Pirallahı rayon ümumtəhsil müəssisələrinin şagird və müəllim heyətinin üzvləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Rüfət Əhmədov Vətən müharibəsində əldə etdiyimiz Qələbənin əsasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasətinin dayandığını qeyd edərək bildirdi ki: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı noyabrın 10-da gecə saatlarında Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəbəri ilə ölkəmizin və xalqımızın başı üzərində parlaq günəş doğdu. 44 gün davam Vətən müharibəsi müzəffər Ali Baş Komandanın dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi ilə Zəfər qələbəsi ilə başa çatdırılıb, Azərbaycan torpaqlarının işğalına birdəfəlik son qoyuldu. Bu, Azərbaycan tarixində təkrarolunmaz qələbədir”.

YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəallarından olan 235 №-li tam orta məktəbin tarix müəllimi Türkan Məmmədova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyat yolu və siyasi fəaliyyəti barədə ətraflı çıxış edərək vurğuladı ki: “2003-cü ilin 15 oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ötən müddətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirmiş, respublikamız iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoymuşdur”.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov çıxış edərək Azərbaycan Prezidenti İlham Əlievin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində ölkəmizin dünya arenasında nüfuzunun artdığını, Azərbaycanın bir çox qlobal problemlərin həllində lider dövlətə çevrilməsini vurğuladı.

.