Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqində yaranmış son durum və özünü müdafiə dəstələrinin "Qrad” atəşləri nəticəsində çoxlu sayda Ukrayna əsgərinin həlak olması ilə əlaqədar təşviş içindədir. Bu məğlubiyyətin acı sonu olacağından qorxuya düşən Petro Poroşenko güc strukturlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Yenizaman.az-ın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, P. Poroşenko bildirib ki, Ukrayna hərbçilərinə qarşı "Qrad” qurğularından istifadə edən bütün "terrorçular” aşkarlanaraq məhv ediləcək: "Bizim hər əsgərimizin həyatı üçün quldurlar onlarla, yüzlərlə öz həyatları bahasına cavab verəcəklər. Bir terrorçu belə məsuliyyətdən qaça bilməyəcək və layiqli cəzasını alacaq”.
P.Poroşenko hazırda ölkə sərhədlərini, Donetsk, Luqansk hava limanlarını və atəş altında olan digər şəhərləri hər saniyə həyatını riskə ataraq müdafiə edən əsgərləri qəhrəman adlandırıb: "Dövlət öz qəhrəmanlarına ehtiramla yanaşır və öz həyatını qurban verən hər qəhrəmanı hörmətlə xatırlayır”.
Qeyd edək ki, Petro Poroşenko Viktor Yanukoviçin zor gücünə devrilməsində müstəsna xidmətləri olub. Fevralın 21-də devrilən sabiq Ukrayna prezidenti Viktor Yanukoviç həyatına təhlükə olduğu üçün Kiyevi tərk etmək məcburiyyətində qalıb. Maralıdır ki, Donetsk və Luqanskda Kiyevin yeni radikal hakimiyyətinə tabe olmayan etirazçılar terrorçu adlandırılır. İndi isə Maydanda qətllər törədən və o cümlədən Oddesada insanları diri-diri yandıranlar Kiyev hakimiyyətinin qəhrəmanlarına çevrilib.
.
