“Yüksəliş” müsabiqəsi işini davam etdirir. Layihənin sistemini, təməlini tərtib edən Təşkilat Komitəsi, ekspert heyəti potensial kadr seçiminə xüsusi həssaslıqla yanaşır. Çünki qaliblər ölkənin həm də mürəkkəb dönəmində beynəlxalq standartlarla ayaqlaşa bilməli, mövcud problemlərin birbaşa həllini tapmaq qabiliyyətində olmalıdırlar. “Yüksəliş”in mahiyyətini təşkil edən bu məqsədə, çağırışa dövlət qurumları nümayəndələri, idarəçiləri dəstək göstərir, zaman-zaman təcrübələrini, tövsiyələrini bölüşürlər. Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) yer alır. 

Bu dəfə Energetika naziri Pərviz Şahbazov peşəkar idarəçiliklə bağlı sualları cavablandırıb, gələcək rəbhərlərə tövsiyələrini bildirib.

- Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

- Uğurlu idarəçinin əsas cəhətlərindən biri başqalarına müsbət mənada təsir göstərməkdir. O, kollektivdə inam yaratmağı bacaran, komanda ruhu formalaşdıran şəxsdir. Burada fərdi nümunə çox böyük rol oynayır. Uğurlu idarəçi korporativ dəyərlərə, strateji hədəflərə malik olur. Mümkün qədər az resurslar sərf etməklə effektiv nəticələr ortaya qoyur. Gündəlik inkişaf, dəyişikliklərə həssaslıq yaxşı idarəçi üçün çox mühümdür. O özü və rəhbərlik etdiyi komandada inkişafa doğru dəyişikliklər, xarici mühitdəki yeniliklərdən geri qalmamalı, inkişaf proseslərinin önündə olmalıdır. Yaxşı idarəçi olmaq həm də insanları duymaqdır, hər kəsə öz potensialını reallaşdırmaq üçün bərabər imkanlar mühiti yaratmaqdır, həmçinin ədalət prinsiplərini hər zaman qorumağa çalışmaqdır.

- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz (kitablar və ya vərdişlər)?

- İdarəçi olmaq istəyən şəxslərə ilk növbədə bunu tövsiyə edərdim. Qarşıya çıxan bütün fürsətləri dəyərləndirin, düzgün yollarla irəliləyin, çətinliklərdən qorxmayın.

Hər belə bir şəxs həmişə bu sualları özünə verməlidir: - Mən kiməm? Nələri hiss edirəm? Harada nələri öyrənmişəm, nələri bacarıram və hansı işləri görmüşəm?

Bu halda, reallıqları düzgün dəyərləndirmək, qarşıya məqsəd qoymaq və ona çatmaq daha asan olacaq. Daha bir tövsiyəm isə budur ki, faydalı bilik və təcrübələr mənbələrinə, həmişə, mümkün qədər yaxın olun. Bunlar ayrı-ayrı insanlar da ola bilər, kitablar da, başqa öyrədici resurslar da. Öz işgüzar çevrənizi formalaşdırın. Reaktiv yox, proaktiv olun! Məsuliyyət götürməkdən çəkinməyin və heç vaxt ruhdan düşməyin!

- “Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

- “Yüksəliş” Azərbaycanın gələcəyinə çox mühüm bir addımdır. Bu müsabiqənin iştirakçıları öz bilik və bacarıqları ilə ölkəmizin gələcəyini yaradacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir idarəçiyə və ümumilikdə cəmiyyətimizə təlqin etdiyi meyarlar var. Bunlar yüksək mənəvi keyfiyyətlərdir, milli və dövlətçilik dəyərlərimizə, qanunlara hörmətdir, başqaları üçün nümunə yaratmaqdır, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməkdir. Bu müsabiqənin iştirakçıları da, inanıram ki, bütün bu meyarları əsas tutmaqla onlara olan ümidləri doğruldacaq, Azərbaycanın yüksəlişinə öz töhfələrini verəcəklər və dövlətimizin yüksəlişi onları da yüksəldəcək.

 

 

 

.