Kulis.Az-ın "Pərdə” filminin rejissoru Emil Quliyevlə müsahibəsini təqdim edirik. 

 

- Artfilmbaku səhifəsində qısametrajlı filmlərinizə baxdım. Demək olar ki, hamısı sosial motivlidir...

 

- Məcidinin, Pənahinin filmlərinə baxana qədər İran kinosunun bu qədər güclü, İran festivallarının bu qədər nüfuzlu olduğunu bilmirdim. O qısametrajlardan biri - "Ümid” filmim 38-ci Tehran festivalına düşdü və Vareş film festivalının prodüseri onu götürüb öz festivalının proqramına saldı. Film orada qalib oldu. Festivaldan sonra mənə kinostudiya "Mozalan”da film çəkməyi təklif etdilər. Üç süjet çəkdim.

 

- "Mozalan”da işləmək xoşunuza gəldi?

 

- Xeyr, gəlmədi. Mən istədiyimi edə bilmədim. Düzdür, orada hansısa senzura-filan yox idi. Ssenarilər də təsdiqlənmiş ssenarilər idi, amma, çərçivələr yaradırdılar. Tutaq ki, hansısa detal çəkmişəm, (mən ümumiyyətlə detallarla işləməyi sevirəm): məsələn, taksiyə minən kimi sürücü əlini atıb şahmatı götürür. Bunu çıxarırlar ki, ssenaridə yoxdu. Nə olsun, yoxdu. Bu detaldı axı. Guya ssenaridəkilərin hamısını çəkdim ki? Ssenarini 90 faiz dəyişmişəm, həkimi müəllim etmişəm, sakini turist etmişəm və sair. Bunu görmürlər, amma adi bir detalı görürlər. Mən elə başa düşdüm ki, məni ora elə-belə çağırıblar. Müşfiq müəllim ("Azərbaycanfilm” kinostudiyasının direktoru M.Hətəmov nəzərdə tutulur) gənclərə kömək edir, bunu danmaq olmaz. Amma bəzi məsələlər var ki, onlara bilmirəm niyə, yəqin ki, öz eqolarını sığallamaq üçün müdaxilə edirlər.

 

Müstəqil film çəkməyin üstünlüyü sərbəst olmağınızdır. Bəs müstəqil kino çəkmək istəyən adamın maliyyədən sonra hansı maneəsi var?

 

- Maliyyə birinci maneədir. Amma mən maliyyəsiz də film çəkərəm. Məsələn, mənim filmim çox az maliyyəyə başa gəldi.

 

 

- Az büdcə ilə art-house filmləri çəkmək. Belə bir arzunuz da varmı?

 

- Məni art-house filmləri çəkmək istəmirəm. Məncə, belə filmləri rejissorlar özləri üçün çəkirlər. Mən tamaşaçı üçün çəkirəm. Məndə müəllif filmləridir. Gənc kinematoqrafçılar elə Avropada da müəllif filmləri çəkir, art-house yox.

 

- Müstəqil kinoda perspektivlər... Kinoya pul qoyan varmı?

 

- Var, niyə yoxdu.

 

- Bəs sizin istədiyiniz sosial filmlərə necə?

 

- Yox. Son illər göstərir ki, ancaq komediya filmlərinə, yəni gəlir məqsədilə pul qoyulur. Sırf sənət xatirinə təmənnasız maliyyə qoyacaq adam yoxdur.

 

- Sizin filminiz də sosial filmdir.

 

- Mən onu az büdcəyə çəkmişəm və paradoksdur ki, o, həm də kassa filmidir. Mən bilirdim ki, bu film yüz faiz kassada gedəcək.

 

- Yəni, xərcini çıxarıb film?

 

- Elə birinci gündən. Axı mənim nə büdcəm var idi ki? Kino miqyasında ona həddən artıq az pul xərclənib. Az qala qəpik-quruşa çəkmişik. İndi kim gedib bilet alıb baxsa filmin gəliridir.

 

Bilirsiz, maliyyə problemi var, düzdü. Amma iş problemi yoxdu. İşçi problemi var. İşləmək istəyən yoxdur.

 

Mən istintaq fakültəsində oxumuşam Moskvada. Amma mənim tanıdığım rejissorlar var ki, gedib neçə il universitetdə rejissorluq oxuyub, hətta gedib Moskvada da oxuyub. Soruşanda niyə film çəkmirsən, deyir ki, pul var? Vallah o adam işləmək istəmir. Var pul. Adama deyərlər, cibindəki "ayfon”u sat get film çək. Mən "Parodoks” filmimi 100 manata çəkmişdim.

 

 

- Dediniz ki, ixtisasınız müstəntiqdir. Bu sadəcə təhsilinizdir, ya işləyirsiniz?

 

- İşləyirəm. İşimin kinoya bir köməyi və ya maneəsi yoxdur. Hava limanında istintaq şöbəsində işləyirəm.

 

- Amma məsələn, müstəntiqlik olmasa, çəkdiklərinizlə həyatınızı təmin edə bilməzdiniz. Bu iş sizi ən azı iqtisadi asılılıqdan xilas edir.

 

- Vallah, yox. Mən yaşamaq üçün pul qazana bilərdim. Ssenari yazıb satardım, gedib meydançada süpürgəçi olardım. Yüz faiz işsiz qalmazdım.

 

- Bəs kino çəkmək arzunuzun kökündə nə dayanır? Yəni, niyə kino çəkmək istəyirsiz?

 

- Mən çox adama nəsə demək istəyirəm, amma qırmızılığım yoxdur deyə, deyə bilmirəm. Kinonu da sözümü demək üçün çəkirəm. Filmdə olan personajların, prototipləri həyatda var. Hətta adını da dəyişmirəm, amma yenə baxır, başını bulayıb gedir. Az qalıram deyəm ki, axı səndən çəkmişəm bunu, necə ola bilər, görməyəsən?

 

- Niyə bu mövzunu seçdiniz ("Pərdə” filmi nəzərdə tutulur)?

 

- Çünki ağrım var idi. Adamların bir-birinə yalan deməsinə dözümüm yoxdur. O qədər işləyib ki, beynimizə, hər şeydə yalan danışırıq, hətta ən xırda şeydə belə. Uşaqlıqdan adamı yalana öyrədirlər.

 

Necə düşünürsünüz, insanların düşüncəsinə təsir etmək üçün kino yetərlidirmi? Məsələn, Türkiyədə elə bir dövr oldu ki, gender, qadın hüquqları mövzusunda yüzlərlə film çəkildi, amma bu gün də bu problem davam edir.

 

- Təbii ki, kökündən kəsmək mümkün deyil. Amma mən filmi məqsədinə çatmış hiss edirəm. Məsələn, bilirəm ki, bir nəfərə təsir edib. O adam deyirdi ki, ailəni mən idarə edirəm, qızımın da gələcək ərini mən seçəcəm, filmə baxandan sonra dedi ki, kim olsa qızımı verərəm, təki özü seçdiyi, istədiyi olsun.

 

- Filminizdə ata niyə görünmür?

 

- Orada ata fəlsəfi obrazdı, fantomdur, ictimai qınaqdır. Əslində, mənim filmimdə başqa süjetlər var idi, amma onu büdcə olmadığından çəkə bilmədim. Orada Eminlə Lalənin münasibətlərində bir boşluq var. Amma mənim versiyamda o əsaslanırdı. 3 saat beş dəqiqəlik material idi, çəkə bilmədiyim yerlər vardı deyə, kəsdim. O əhvalatda da xoşbəxt sonluq yoxdur.

 

- Hətta kino adamları içərisində bu mövzunu kino üçün ciddi hesab etməyənlər oldu.

 

- "Bu mövzu kino üçün deyil" kimi fikir söyləyənlərlə hələ ki, üzləşməmişəm.

 

Posterdə təqdim olunan mövzu sanki beyindəki kodları qıcıqlandırır...

 

- Bu posteri Nizami kinoteatrı asmaq istəmirdi. Burada pərdə gəlinlikdəndir, onun sökülən yerini qırmızı bir sapla tikiblər, arxada əlində gül, bəy gəlir, yuxarıda isə yazılıb: "Siz elə düşünməyin, biz tərbiyəli ailəyik"...

 

Bu, əsl mentalitet deyil, bu, uydurulmuş mentalitetdir. Mən sadəcə bu adamların eyiblərini göstərmək istəyirəm, bunlar bizim mədəniyyətimizə ləkə salır.

 

Sizin filminizdə qoyulan mövzu publisistikada xeyli müddət trend oldu. Bu mövzuları işləyən ayrı-ayrı yazarlar var hətta. Və onları belə kütləyə toxunan "qeyri-ciddi” mövzularla manipulyasiya etməkdə qınadılar. Yəni əvvəlcədən bu mövzunun tutacağını bildiyi üçün bu qıcıq nöqtələrə toxunmaq.

 

- Mən o mövzuda yazılanları oxumamışam. Amma yazıblarsa düz yazıblar. Mən son 3-4 ildə yalnız kino biliyimi zənginləşdirmək üçün çalışmışam. Amma mən bu mövzuların gündəmə gətirilib müzakirə edilməsini alqışlayıram. Əgər kütləyə dediyiniz kimi toxunursa niyə istəmirlər ki, bu müzakirə olunsun?

 

 

- Müsahibənizdə oxumuşdum ki, hər filminizi kinonun bir sahəsini öyrənməyə həsr edirsiz?

 

-Bəs necə edim? Başqa yerim yoxdu oxumağa. Mən praktikada öyrənirəm. Belə deyək, empirik biliklərdi bildiklərim. Ssenarini özüm yazdım, çünki ssenaristlər çox pul istəyir, mənim onlara verməyə elə pulum yoxdu, həm də inanmıram ki, kimsə mənim düşündüyüm kimi yazacaq ssenarini. Hərə yorğanı özünə tərəf çəkir. Yəni məni narahat edən məsələ, onu mənim kimi narahat etməyəcək.

 

- Növbəti filminizə maliyyə yatıracaq adamlar oldumu filmdən sonra?

 

- Mənə müraciət edənlərin hamısı gəlir haqda düşünür. Gəlirə baxmadan pul yatırmaq istəyən yoxdur.

 

- Belə bir təcrübə var: filmə məşhur simanı çəkmək. Bu filmin piarına təsir edir.

 

- Mən kameradan istifadə etmədim, çünki o sima mənim filmimin keyfiyyətini qaldırmayacaqdı. Mənim aktyorlarım yüz faizlik enerji sərfiyatı ilə oynayıblar. Çünki onlarla dayanmadan işləmişik. Bir həftə məşq edirdik, bir gün çəkirdik. Vallah bizim aktyorları öz rejissorlarımız paslandırır. Onlarla işləyib yüz faiz nəticə almaq olar.

 

- Serial çəkmək arzunuz var?

- Heç vaxt. Çoxseriyalı bədii filmləri çıxmaq şərtilə.

 

- Niyə ki, ciddi mesajı olan serial ola bilməz ki? Məsələn filminizin serial versiyasını çəkmək.

 

- Olar, amma, inanmıram bizim televiziyalar ona imkan versin.

 

- Növbəti film varmı fikrinizdə?

 

-"Mamed” adında bir ssenarim var. Bir avam gəncdən bəhs edir. Film çoxqatlıdır. Görək...

 

- Kino şöbəsinə, nazirliyə təqdim etmisiniz ssenarilərinizi?

 

-Təqdim etmişəm, baxan olmayıb, gəlib götürmüşəm. Elə bu "Mamed”i. İki ay keçmişdi, gəldim soruşdum, gördüm hələ stolun üstündədir. Elə qoyduğum kimi də geri götürdüm...

 

 

- Belə bir şərti bölgü edək. İnsanın necə pis olduğunu deyən filmlər və ona necə yaxşı olduğunu deyən filmlər. Və bunun göstərdiyi təsir. Bəlkə tamaşaçıya necə yaxşı olduğunu demək lazımdı?

 

- Səhv yanaşmadır. Əksinə, ona eyiblərini demək lazımdır. Mənim əgər yaxşı dostlarım olsaydı, pis filmlərim az olardı. Onlar mənə harda səhv etdiyimi deyərlər. Elə edərlər ki, mən gələcəkdə səhvlər etməyim. Malalamaq olmaz...

 

Son çəkilən filmlərimizə baxırsınızsa, sizi nə qıcıqlandırır bizim filmlərdə?

 

- Pafos və sıfır səviyyədə olan aktyor oyunu. Dəhşətli dərəcədə. Sıfır. Aktyorları elə bil ki, açıb buraxıblar və onları idarə eləyən yoxdur. Biri gəlib silkələmir ki, ay kişi, ayıl! Çəkiliş gedir. Heç anlayırsan harada olduğunu?

 

- Kino zövqünüzü bilmək maraqlıdır.

 

- Spilberqi çox sevirəm, amma son filmində gördüm ki, o artıq yorulub (gülümsəyir). Məncə daha çəkməsə yaxşıdı. Axırıncı filmi xoşuma gəlmədi. Balabanovun filmləri əladır. İndi ən sevdiyim rejissor Yuriy Bıkovdur. Onun da mənim kimi kino təhsili yoxdur.

 

Məncə, məhz kinorejissorun müəllimi olmamalıdır. Müəllim insanı çərçivəyə salır. Nəsə etməyə qoymayan şeydir.

 

Mən Bıkovun filmlərindən ilhamlanıram. Düzdür, Rusiyada kinoprodüsser çoxdu deyə, orda işləmək buradakından daha rahatdır.

.