Paytaxtda daha bir tikinti şirkətinin fırıldağı barədə musavat.com-a məlumat daxil olub. Ev almaq istəyən və aldadılan vətəndaşların verdikləri məlumata görə, "Yeni Yasamal” MTK səkkiz ildir onlar üçün bina tiksə də, indiyədək işlər yekunlaşmayıb. Binanın hazır vəziyyətə gətirildiyi bildirilsə də, təhvil verilməməsi vurğulanır. Vətəndaşların fikrincə, MTK-nın mənzilləri bir neçə dəfə satışa çıxartma ehtimalı var. Bu səbəbdən bina təhvil verilmir və mənzillər sahiblərinə verilmir.
Şikayətçi Afiq Əliyev bildirir ki, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binanın inşası səkkiz il əvvəl- 2006-cı ildə başlanıb: "Mənzili isə dörd il əvvəl almışam, yəni nağd şəkildə 40 min manat ödəyib 98 kvadratmetrlik mənzil almışam. Binada hamı mənzillər üçün pulu tam olaraq ödəyib, binada 240 mənzil var. Həmin bina isə dörd ildir ki, hazır vəziyyətdədir, tamamilə tikilib, sadəcə pilləkənlərlə lifti qoyulmayıb. Bunları etmək üçünsə ciddi xərc tələb olunmur. Ancaq şirkət bunu etmir və binanı təhvil vermir. İki yüzdən artıq ailənin pulu batır. Pul verdiyimiz halda, kirayələrdə çürüyürük”.
Şikayətçinin sözlərinə görə, faktla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, birinci xanıma şikayət məktubu ünvanlayıb: "Hələ ki cavab yoxdur. Ümid edirik ki, aidiyyəti qurumlar və səlahiyyətli şəxslər mülkiyyət hüququmuzun bu cür kobud şəkildə pozulmasına göz yummayacaqlar”.
Şikayətçi bildirir ki, gecikmə onları şübhəyə salıb: "Binanı hazır vəziyyətə gətirmək çətin deyil, ancaq iş yubadılır. Bizi qorxuya salan odur ki, mənzillər bir neçə adama təkrar satıla bilər. bu səbəbdən sahibkar baş verənləri ört-basdır etmək üçün vaxt qazanır. Bununla vaxt qazanmaq istəyir. Biz şirkətin rəhbəri Cahangir Alışova, digər rəsmilərə müraciət etsək də, bizimlə görüşmək istəməyiblər. Sorğularımıza, müraciətimizə heç bir cavab vermirlər”.
Aldadılan vətəndaş qeyd edir ki, Baş Prokurorluğa göndərdiyi müraciətə isə cavab gəlib: "Dedilər ki, bir az ətraflı yaz, mən də yazdım. İndi artıq o məktub da çatıb, yəqin araşdırılır”. Qeyd edək ki, sakinlər dövlət başçısı başqa olmaqla, mühüm instansiyalara və qurumlara müraciət ünvanlamağı, həmçinin etiraz aksiyası keçirməyi planlaşdırırlar.
.