
Ermənistan 2027-ci ildə yeni konstitusiyanın qəbul edilməsi üçün səsvermə təşəbbüsü göstərmək niyyətindədir.
Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
“Bizim gündəliyimizdə konstitusiya dəyişiklikləri məsələsi var. Bu, 2027-ci ilə planlaşdırılıb. Hakim qüvvəmizdə siyasi gündəliyimizi daha konkret etmək üçün konstitusiya proseslərini 2026-cı il parlament seçkiləri ilə paralel aparmaq zərurəti barədə fikirlər var. Lakin bu, sırf daxili siyasi prosesdir. Amma etiraf etməliyəm ki, bunun regional, qlobal təsiri olmaya bilməz”, – Paşinyan qeyd edib.
İrəvan ATƏT-in Minsk qrupunun buraxılması üçün müzakirələr başladır
Ermənistan Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun buraxılması üçün müzakirələr başlamaq niyyətindədir.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
“Biz deyirdik ki, müzakirə edilə bilən məsələlər var və müzakirə edilməyən məsələlər var. Müzakirə edilə bilənlərdən biri ATƏT-in Minsk Qrupunun buraxılması imkanıdır. Bir daha təkrar edirəm: ATƏT MQ-nin buraxılması məsələsi müzakirəyə açıqdır. Biz yaxın zamanda bu barədə müzakirələr başlatmaq niyyətindəyik”, – hökumət başçısı deyib.
Qeyd edək ki, Azərbaycan XİN dəfələrlə ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların rəsmi buraxılmasının zəruriliyini vurğulayıb.