
Azərbaycanın ən böyük özəl banklarından olan "PAŞA Bank” Türkiyənin "TAIB Bankı”nı alır.
Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Dubay şeyxi əl-Maktumdan Türkiyənin "Aksoy Holdinq”inə keçən TAIB-i almaq üçün keçən il Bank Tənzimləmə və Nəzarət Təşkilatına (BDDK) müraciət edən "PAŞA Bank” bu təşkilatdan müsbət cavab alandan sonra bu dəfə Türkiyənin Rəqabət Təşkilatına müraciət edib.
Bu təşkilat sövdələşməyə razılıq verəndən sonra bankın səhmlərinin alqı-satqısı prosesi rəsmiləşəcək. "PAŞA Bank”ın türk bankının səhmlərinə hansı məbləği təklif etdiyi açıqlanmır.
"PAŞA Bank” Türkiyədə korporativ müştərilərə investisiya bankçılığı sahəsində xidmət göstərməyi planlaşdırır.
Xatırladaq ki, bir müddət əvvəl "PAŞA Bank” İdarə Heyətinin üzvü Taleh Kazımov Türkiyədə fəaliyyət göstərmək üçün hazırlıqların son mərhələsinə çatdıqlarını bildirmişdi.
"Biz "TAIB Bank”ı almaq üçün Türkiyənin müvafiq qurumlarına müraciət etmişik. Lazımi icazələri aldıqdan sonra bankın adını da dəyişib "PAŞA Bank Türkiyə” qoyacağıq”- deyə T.Kazımov açıqlamasında bildirmişdi.
Qeyd edək ki, "Aksoy Holdinq” "TAIB Bank”ı ötən ilin iyun ayında əl-Maktumdan alıb. Bank alındıqdan 3 ay ərzində 258 min türk lirəsi (təxminən 92 min manat) zərər edib.
.