“SOCAR Petroleum” QSC bu gün Qazaxda baş verən partlayışla bağlı məlumat yayıb.
Məlumatda bu gün Qazax rayonunun Xanlıqlar kəndi ərazisində QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayışla müşayiət olunan yanğın hadisəsinin baş verdiyi bildirilib.
Qeyd olunub ki, partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib.
“Yanğın hadisəsi ilə bağlı dərhal FHN-ə məlumat verilib. Hadisə yerinə çevik olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb.
Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan Şəmil Zabit oğlu həyatını itirib.
Həyatını itirən həmkarımıza Allahdan rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır”, - məlumatda deyilir.
.
