Siyasi partiyanın sədrinə dair yeni tələblər müəyyənləşir.

Bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, siyasi partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün idarəetmə orqanı olan sədr seçilə bilər. Sədr partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Qurultay sədri seçir və səlahiyyətlərinə xitam verir. Siyasi partiyanın nizamnaməsi ilə sədrin səlahiyyət müddəti, həmçinin müavinlərinin olması müəyyən oluna bilər.

Sədr:

- siyasi partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, etibarnaməsiz partiyanın adından hərəkət edir;

- siyasi partiyanı təmsil edir;

- fəaliyyəti barədə qurultay qarşısında hesabat verir;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq etibarnamələr verir, partiya adından əlaqələr qurur, siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində partiyanın əmlakı və vəsaitləri üzərində sərəncam verir;

- siyasi partiyanın icra və nəzarət orqanlarının növbədənkənar iclaslarını çağırır;

- özünün, Mülki Məcəllədə göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etməsi, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada siyasi partiyanın nəzarət orqanına təqdim edir.

Bu Qanunun maddələri nəzərə alınmaqla, siyasi partiyanın nizamnaməsinə uyğun olaraq sədrin səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər.

Siyasi partiyada sədr olmadığı halda, bu Qanunda nəzərdə tutulmuş səlahiyyətləri siyasi partiyanın nizamnaməsinə uyğun olaraq partiyanın icra orqanı həyata keçirir.

Siyasi partiyanın sədri və sədr müavinləri yalnız Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan partiyanın üzvləri sırasından seçilə bilər. Sədr və sədr müavinləri siyasi partiyanın icra orqanında və məşvərətçi qurumlarında, o cümlədən onların rəhbərliyində təmsil oluna bilər.

Sədr səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavinlərinə (olduğu halda) həvalə edə bilər.

Sədr Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş vəzifələri yerinə yetirməyə borcludur.

Siyasi partiyaya illik üzvlük haqqı 10 min manatı keçə bilməz

Siyasi partiyanın maliyyələşdirilməsi, o cümlədən ianələr qəbul etməsinin qadağan olduğu hallar açıqlanır.

Bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, siyasi partiyanın aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır:

- bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, dövlət orqanları (qurumları);

- yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar;

- digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar;

- beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər;

- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

- yetkinlik yaşına çatmamış şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;

- adını, soyadını, atasının adını, həmçinin fərdi identifikasiya nömrəsini, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslər.

Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.

Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır.

Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir.

.