Bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır. Lakin əfsuslar olsun ki, görülən işlərin fonunda son günlərdə AMEA-nın mətbuat xidməti tərəfindən verilən bəyanat ölkə başçısının və ümumilikdə ölkədə görülən işlərə kölgə salmaqdan başqa bir mahiyyət daşımır.
Belə bir açıqlamanın cəmiyyətimiz tərəfindən qəbul olunması yolverilməzdir. Çünki ötən dövr ərzində dövlət başçısının uzaqgörən daxili və xarici siyasətinin Milli Məclis səviyyəsində dəstəklənməsi üçün bütün lazımi tədbirlər görülüb. Altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərib və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verib. Parlament, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurub və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atılmasında yaxından iştirak edib.
Parlament pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, davamlı və fasiləsiz surətdə öz işini davam etdirib, qanun layihələrinin geniş müzakirələrini təşkil edib. Bu müddət ərzində ölkəmizin sosial-iqtisadi, siyasi inkişafı ilə bağlı bir çox mühüm qanunlar qəbul olunub. Parlamentin deputatları qanunvericilik fəaliyyətində fəal iştirak etməklə bərabər, daim öz seçiciləri ilə sıx təmasda oldular, onlarla davamlı görüşlər keçirildi, vətəndaşları narahat edən məsələlər dinlənildi və onların problemləri Milli Məclisin iclaslarında qaldırıldı, aidiyyəti orqanların rəhbərlərinə çatdırıldı. Bu prosesdə Yeni Azərbaycan Partiyasının təmsilçiləri hər zaman fəallıq nümayiş etdirdilər. Belə olduğu təqdirdə AMEA-nın rəhbərliyi tərəfindən millət vəkillərinin ünvanına səsləndirilən ifadələr qəbulolunmazdır və tam olaraq arqumentsiz, əsassız və böhtan xarakterli çıxışlardır.
Belə ki, parlamenti, millət vəkillərini hədəfə almaqla öz şəxsi maraqlarını düşünən Ramiz Mehdiyevin göstərdiyi davranış cəmiyyətdə birmənalı qarşılanmayıb. AMEA öz fəaliyyətində elmin inkişafına, dövlətçiliyimizin daha da güclənməsinə, ölkəmizin uğurlu inkişafına yeni töhfələr verməsinə, Prezident İlham Əliyevin siyasi kursunun əməli işlə dəstəklənməsinə istiqamətlənməlidir. Çünki təhsil hər zaman bütün cəmiyyətlər, dövlətlər üçün əsas prioritet sahə olub və bundan sonra da belə olacaq. Artıq təhsil iqtisadi göstəricilər kimi ölkələri biri–birindən fərqləndirən dəyərə çevrilib. Bu baxımdan yerli səviyyədə də təhsil sahəsində tənqid və görülən işlərin təqdir olunması gözləniləndir. Lakin bu zaman sağlam tənqidlərdən nəticə çıxarıb, nöqsanları aradan qaldırmaq lazımdır. Bu gün Azərbaycan cəmiyyətində böyük mənada həmrəyliyin və siyasi birliyin vüsət aldığı bir zamanda qeyri-ciddi fikirlərin irəli sürülməsi isə parlamentin fəaliyyətinə kölgə salmağa cəhddən başqa bir şey deyil. Milli Məclis ötən dövr ərzində ölkədə həyata keçirilən islahatlar kursuna uyğun olaraq, ona cavab və təkan verən bir ali qanunverici orqan kimi özünü təsdiqlədi və bundan sonra da bu proses belə davam edəcək. Buna görə də xalqımızın gələcəyi və dövlətimizin rifahı naminə bu birliyi və siyasi həmrəyliyi qorumaq bu gün vacib şərtlərdən biridir.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
