
Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Gündəlikdə olan məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərə münasibət bildiriblər.
İqtisadçı deputat Vahid Əhmədov benzinin qiymətinin aşağı salınmasını təklif edib. O, dünya bazarında neftin qiymətinin kəskin düşməsini əsas gətirib: "Bu gün neftin qiyməti 60 dollara yaxınlaşır, bununla bağlı qonşu Gürcüstanda, Rusiyada, hətta Türkiyədə benzinin qiymətində ciddi enmələr baş verir. Azərbaycan Aİ-95 markalı premium benzini xaricdən idxal edir. Hesab edirəm ki, Tarif Şurası benzinin qiyməti məsələsinə baxmalıdır" - deyə V.Əhmədov bildirib.
O, həmçinin Qubada Yəhudi icmasının üzvünün evinə edilən basqının adi soyğunçuluq olduğunu vurğulayıb. Deputat bildirib ki, DİN, MTN və Baş Prokurorluq operativ şəkildə hadisəni törədənləri tutub və həmin dəstənin başçısının da elə yəhudi əsilli Quba sakini olduğu məlum olub.
.