Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətindən öz üzvlərini geri çağırıb.

Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat yayıb.

“Biz bu şərtlər altında assambleya ilə işləyə bilmərik. Avropa Şurası Parlament Assambleyası demokratiyaya və xalqların iradəsinə hörmətə əsaslanan fundamental dəyərlərinə qayıtmalıdır. Biz bir-birimizin suverenliyinə hörmət etmiriksə, vətəndaşların demokratik seçimlərinə hörmətsizlik ediriksə beynəlxalq əməkdaşlıq prinsiplərini müzakirə etmək son dərəcə çətinləşir. Həm “Gürcü Arzusu”, həm də “Xalqın Gücü” Gürcüstanın AŞPA-dakı parlament nümayəndəsindən öz üzvlərini geri çağırmaq qərarı qəbul ediblər”, - Şalva Papuaşvili deyib.

Papuaşvili nümayəndə heyəti üzvlərinin ayrı-ayrılıqda mandatlarının dayandırılması üçün AŞPA prezidentinə müraciət etdiklərini qeyd edib. O, AŞPA prezidenti ilə danışaraq hazırda qurumda Gürcüstan parlamentinin üzvlərinin olmadığı barədə məlumat verəcəyini qeyd edib.

.