Xəbər verdiyimiz kimi, Roma Katolik Kilsəsinin başçısı, Papa 1-ci Fransisk Kubada səfərdədir. O, Havanada olarkən ölkənin sabiq lideri, əfsanəvi Komandante Fidel Kastro ilə görüşüb.

Milli.az El Mundo-ya istinadən bildirir ki, pontifik F.Kastro ilə söhbətində din və dünya siyasəti ilə bağlı məsələləri müzakirə edib.
"Çox qeyri-rəsmi, dost görüş oldu və 40 dəqiqə davam etdi. Papa Fidel Kastroya mənəviyyat, dini yumor və İncillə bağlı kitablar verdi. Kastronun ailə üzvləri də görüşdə iştirak edirdilər", - Vatikanın mətbuat xidmətinin açıqlamasında bildirilir.
Görüşdə Kuba lideri, Fidelin kiçik qardaşı Raul Kastro da iştirak edib. Görüşdən əvvəl Papa paytaxt Havanadakı İnqilab Meydanında 300 min kubalı katolikin qarşısında vəz oxuyub.
Vəz zamanı şüarlar söyləyən və vərəqələr dağıdan 3 nəfəri polis həbs edib.
"Xristianlar üçün əsas məsələ ambisiyalar və ya hakimiyyət hərisliyi yox, yoxsullarla əlsiz-ayaqsızlara yardım olmalıdır. İdeologiyanın da əsiri olmayın. İdeyalara yox, insanlara xidmət etmək gərəkdir", - Papa 1-ci Fransisk deyib.
Daha sonra məşhur kubalı filosof Feliks Varelanın adını daşıyan mədəniyyət mərkəzinə yollanan Papa orada gənclərlə görüşüb. Papa Havanadakı kafedral kilsədə axşam ibadətinə başçılıq edib. Sabah 1-ci Fransisk Kubanın şərqindəki Olqin və Santyaqo-de-Kuba şəhərlərinə yollanacaq.
Sentyabrın 22-də, axşam saatlarında isə Papa Kubanı tərk edərək ABŞ-a yollanacaq. O, Vaşinqton, Nyu-York və Filadelfiya şəhərlərində olacaq.

.