Dünya ölkələrinin yaşam tərzini kabus xislətilə izləyən “koronavirus pandemiyası” ilə mübarizənin bəlkə də ən ön sıralarında media qurumları yer alırlar. Hər dəqiqə, hər gün baş verənlər anındaca internet mediada ictimailəşdirilir. Ardınca elektron kütləvi informasiya vasitələri və nəhayət çap mediası da ictimailəşdirmə prosesinə qoşularaq ölkə və dünya vətəndaşlarını məlumatlandırırlar. Sosial medianın xaotik yayımını da bura əlavə etsək pandemiya dövründə medianın ümumi mənzərəsi oxucularımız üçün tamamilə aydınlaşmış olar. Bəs bu dövrdə media qurumlarımız necə fəaliyyət göstərir? Onların pandemiyanın bütün aspektlərini əks etdirməyə yönələn informasiya siyasəti qənaətbəxşdirmi?

Məlumdur ki, pandemiya ilə əlaqəli hazırlanan yazılar bir neçə janrda oxucuların ixtiyarına verilir. Gündəlik – daim yenilənən xəbər sistemi ilə yanaşı, müxtəlif aspektli reportajlar, müsahibələr də vaxtaşırı media qurumları vasitəsilə tirajlanaraq yayılır. Hadisə xarakterli məlumatlar isə xüsusilə diqqətçəkəndir. Məsələn, Xalq artisti Teymur Mustafayevin bu virusa yoluxaraq dünyasını dəyişməsi, Əməkdar artist Bəhram Bağırzadənin, eləcə də digər tanınmış simaların virusa yoluxması hadisəlilik mahiyyəti ilə oxucunun daim izlədiyi məlumatlar kateqoriyasına aid edilir. Onların sağlıq durumunu, ümumiyyətlə bu əsnada baş verənləri mütəmadi olaraq oxucuya çatdırmaqla media qurumlarımız paralel olaraq digər missiyanı da yerinə yetirmiş olurlar. Bu, insanlarda pandemiyanın həqiqətən də “varlığı-yoxluğu arasında yaranan tərəddüdlərə” son vermiş olur. Bunu nəzərə alan jurnalistlərimiz nəfəs dərmədən həqiqətlərin üzə çıxarılması prosesini irəliyə doğru aparmış olurlar ki, bununla həm dövlətimizin apardığı siyasətə dəstək verir, həm də əhalinin sağlamlığının keşiyində dayanırlar. Təsadüfi deyildir ki, mövzu ətrafında apardığım araşdırmalar zamanı rastlaşdığım, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin qənaəti də bu yazdıqlarımı təsdiqləmiş oldu: “Hətta bəzən təkliflər olur ki, bu məsələdə polisdən daha çox jurnalistlərə üstünlük verilsin, polis deyil, jurnalistlər bir növ ictimai nəzarəti həyata keçirsinlər”. Fikir verirsinizmi, media bu dönəmdə həm dövlət qurumları, həm də əhali ilə o qədər yaxın təmaslara girib ki, onu mübarizənin önündə hətta polisdən, səhiyyənin özündən belə qabaqda görürlər. Əslində bu fikrin arxasında çox böyük gerçəkliklər dayanır. Amma əlbəttə ki, media təmsilçilərimiz obyektivliyi, dövlətin siyasətini və ən başlıcası əhalinin sağlamlığını nəzərə alaraq təhriflərə yol verməyəndə…

Rəşad Məcidin açıqlamasında bir incə nüans da var idi. Mən bu fikrin üzərində xüsusilə dayanmaq istərdim. Belə ki, baş redaktor bu sahədə sosial mediadan yazılanlara operativ reaksiya verilməsini də müsbət qiymətləndirib. Amma sosial medianın bütün yazdıqlarının müsbət nəticələr vermədiyini də diqqətə çatdırıb: “Yeri gəlmişkən, sosial şəbəkələrdə bəzən şayiələr, qeyri-dəqiq informasiyalar, emosional münasibətlər olur. Ona görə də ciddi xəbərlərə TƏBİB, o cümlədən Operativ Qərargah tərəfindən reaksiya verilməlidir”. Buradan aydın görünür ki, sosial medianın pandemiya ilə bağlı reaksiyaları əslində ikili xarakter daşıyır. Bir tərəfdən sosial mediada ictimailəşdirilərək sosial şəbəkələrdə yayılan məlumatlar,

videolar, digər vizual görüntülər dövlət qurumlarının diqqətinin həmin “axsayan nöqtələrə” yönlənməsinə səbəb olur, digər tərəfdən lazımi-lazımsız şayiələrin də baş alıb geməsində xüsusi rol oynayır. Bunun isə müsbət və mənfi cəhətləri cəmiyyətdə spesifik rezonansların yaranması ilə sonuclanır.

Jurnalistlərimizin xəstəxanalardan hazırladığı reportajları təqdirəlayiq hal kimi qeyd etməyi xüsusilə vacib hesab edirəm. Bilmirəm, onların əməyi buna görə maddi baxımdan lazımınca dəyərləndirilir, ya yox, amma bu halı onlar üçün qəhrəmanlıq hesab edirəm. Çünki müxbirlər həyatlarını təhlükəyə ataraq koronoviruslu xəstələrlə, onları müalicə edən həkimlərlə görüşür, müsahibələr alır və canlı-canlı tamaşaçılara, oxuculara çatdırırlar.

Araşdırmalarım zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşovun toxunduğu iki vacib məqam da diqqətimi cəlb etdi. Ə.Amaşov pandemiyanın mediaya həm yaradıcılıq, həm də maliyyə baxımından zərər vuracağını xüsusi vurğulamışdı: “Media ölkə iqtisadiyyatının tərkib hissəsidir. Bilirsiniz ki, pandemiya iqtisadiyyata zərbə vurdu. Bu baxımdan medianın da itirdikləri var. Bütün dünyada belədir. İkinci məqam pandemiyanın jurnalist yaradıcılığına mənfi təsiridir. Biz gördük ki, dünya ölkələrində koronavirusla bağlı ciddi dezinformasiyalar yayıldı. Bu amil istər-istəməz medianın ahənginə də təsir göstərdi. Bir sıra KİV-lər də məlumat yetərsizliyi səbəbindən həmin yalan bilgilərə istinad etdilər”.

Mətbuat Şurasının sədri eyni zamanda “pandemiya dərsi” almış medianın bundan sonrakı fəaliyyətinin də konturlarını müəyyənləşdirməyə çağırış edib: “Biz dövlət qurumları ilə təmaslarımızı artırmalıyıq. Yəni ciddi şəkildə əməkdaşlıq qurmalıyıq. Elə edilməlidir ki, dövlətlə təmaslar oxşar hallara münasibətdə həmrəylik nümayişi kimi diqqət çəksin. Həm də elə edilməlidir ki, çətin durumlarda həyata keçirilən tədbirlər “söz və ifadə azadlığı” kontekstində dəyərləndirilməsin. Pandemiya şəraiti dövlətlər üçün də yenilikdir. Biz bəzən görürük ki, dövlətin məhdudlaşdırıcı tədbirləri söz və ifadə azadlığına zidd işlər kimi qiymətləndirilir. Halbuki bu istiqamətdə kompromis olmalıdır. Elə edilməlidir ki, ekstremal durumlarda nə dövlətin, nə də də medianın mənafeləri əziyyət çəksin. Hesab edirəm ki, post pandemiya dövründə biz buna da diqqət etməliyik”.

Pandemiya ilə mübarizəylə əlaqədar ayrı-ayrı jurnalistlər tərəfindən hansısa hərəkatların yaradılması da çox təqdirəlayiq əlamətdir. Jurnalist İradə İbrahimovanın təklifi ilə “özünü qoru, çevrəni xilas et!” hərəkatının yaradılmasını xüsusilə alqışlayıram. Düşünürəm ki, hər bir jurnalistin çevrəsinin əhatə dairəsi çox genişdir. Bunu təbii ki, məhəlli anlamda başa düşməməliyik. Jurnalistin çevrəsi sərhədlərə sığmır. Bu, bütövlükdə oxucuları, tamaşaçıları, sosial şəbəkə iştirakçılarını, bütün xalqımızı əhatə edir. Nəticədə oxucu kimi məlumatlanan ölkə vətəndaşları özləri də pandemiyadan qorunmağın fəal təbliğatçılarına çevrilirlər. Bu mənada mediamızın həm informasiya vermək, həm təskinləşdirmək, həm də hərəkatlar yaratmaq kimi fəaliyyətini koronavirusla mübarizədə əhəmiyyətli, əvəzsiz və ən ümdə vəzifə sanıram.


Elza Məmiyeva

.