Xəbər verdiyimiz kimi, özünü yandıran Qarabağ qazisi Elçin Salahovun həyat yoldaşı Jalə Salahovanın durumu ağırlaşıb. Respublika Yanıq Mərkəzinin həkimi Şöhrət Məmmədovnın ANS PRESS-ə verdiyi məlumata görə, Jalə Salahovanın vəziyyəti kritikdir və onun yaşamaq şansı çox azdır.
Həyat yoldaşının durumu ilə bağlı daha ətrafı məlumat almaq üçün hazırda 5 saylı xəstəxananın yanıq şöbəsində müalicə alan Elçin Salahovla əlaqə saxladıq.
Qarabağ qazisi vəziyyətinin yaxşı olduğunu və artıq ayağa qalxaraq yeriyə bildiyini söylədi.
Həyat yoldaşının durumuna gəlincə, Elçin Salahov bildirdi ki, o ümidini itirməyib və inanır ki, hər şey yaxşı olacaq: "Yoldaşım hələ də reanimasiyadadır, bizə necə lazımdırsa yardım olunur, müalicəmiz aparılır, inanıram ki, hər şey yaxşı olacaq”.
Həkimlər tərəfindən söylənən ümidsiz fikirlərə gəlincə, Qarabağ qazisi bildirdi ki, burada J. Salahovadan daha ağır xəstələr var ki, müalicə alıb sağalıblar: "Allahın bildiyi məsləhətdir. Yoldaşımda bədənin 43 faizi yanıb, burada ondan da ağır yanıq dərəcəsi olan xəstələr var. Əsas odur ki, vaxtlı - vaxtında müalicəsi aparılır, qan köçürmək lazım idi onu da tapdılar, köçürdülər”.
Qarabağ qazisinin yoldaşı ilə birgə özünü yandırmasının səbəbi olan ev məsələsinə gəlincə, E. Salahov bildirdi ki, bununla bağlı yenidən apelyasiya məhkəməsi keçiriləcək və hazırda araşdırma aparılır.
İntihara cəhd faktı ilə bağlı açılan cinayət işi ilə bağlı da hələ ki, heç bir yenilik yoxdur. Prokurorluq tərəfindən E. Salahovun ifadəsi alınıb və araşdırma davam edir.
.
