“Çin-Qırğızıstan-Özbəkistan” dəmir yolu dəhlizinin Transqafqaz dəhlizi ilə birləşdirilməsi ölkələr arasında vahid nəqliyyat şəbəkəsi yaradacaq və Çindən Avropaya ticarət coğrafiyasını genişləndirəcək.

Özbəkistan mətbuatı xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov “Özbəkistan – Azərbaycan – Türkiyə” dialoq formatının ilk iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Çin-Qırğızıstan-Özbəkistan” dəmir yolunun tikintisinə dair üçtərəfli sənədin imzalanması sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində planlaşdırılır.

Vladimir Norov Özbəkistan Asiyadan Avropaya ən qısa quru yolu təmin edə biləcək Zəngəzur dəhlizinin bərpasında maraqlı olduğunu vurğulayıb.
O həmçinin, ölkəsi üçün Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit potensialından istifadə etməyin vacibliyini də diqqətə çatdırıb.

XİN rəsmisinin tədbirin yekunlarına dair bəyanatında qeyd olunur ki, üç ölkənin nümayəndə heyətləri bu dəmir yolu xəttinin, eləcə də Türkiyə və Azərbaycanın beynəlxalq limanlarından, eləcə də “Şimal-Cənub” və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin bütün imkanlarından fəal şəkildə istifadə etmək barədə razılığa gəliblər.

.