2020-ci ilin 1 noyabr tarixinə olan göstəricilərə əsasən, Azərbaycanda iqtisadiyyata kredit qoyuluşlarının həcmi 14 milyard 785,9 milyon manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, kredit qoyuluşunun həcmində əvvəlki ayın göstəricilərinə nisbətən 0,6 faiz azalma müşahidə olunub. İlin əvvəli ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 4,7 faiz azalıb.

Dövlət bankları 2 milyard 667,5 milyon manatla kredit qoyuluşlarının 18 faizini təşkil edib. Ötən aya nisbətən dövlət bankları iqtisadiyyata kredit qoyuluşlarının həcmini 0,2 faiz bənd artırıb. Özəl banklar isə 11 milyard 741,8 milyon manatla kredit qoyuluşu həcminin 79,4 faizini təşkil edib. Dövlət bankları ilə müqayisədə bu banklar kredit qoyuluşu həcmini 0,3 faiz bənd azaldıb.

O cümlədən, özəl banklardan xarici kapitallı banklar 3 milyard 204,5 milyon manatla kredit qoyuluşunun 21,7 faizi təşkil edib. Tamamilə xarici kapitallı banklar isə 1 milyard 1,5 milyon manatla özəl banklar üzrə kredit qoyuluşlarının 6,8 faizini əhatə edib.   

Qeyri-bank kredit təşkilatlarının iqtisadiyyata kredit qoyuluşu ümumi həcminin 2,5 faizini təşkil edib. Ötən aya nisbətən kredit qoyuluşunun həcmi sabit hesab edilir.

Qeyd edilib ki, kredit qoyuluşlarında azalma lisenziyası ləğv edilmiş banklarla əlaqəlidir. 

.