
ABBA ötən əsrin ən məşhur musiqi qruplarından biri, bəlkə də birincisidir.
Axar.az ABBA qrupunun üzvü Aqneta Feltskoq haqda yazını Samirə Əşrəfin tərcüməsində təqdim edib. Yazının aktuallığını nəzərə alaraq Yenizaman.az saytında da onu ictimailəşdirməyi qərara aldıq:
Qonşuluqdakı piano…
Ötən əsrin ən məşhur qruplarından olan ABBA-nın qadın ifaçılarından Aqneta Feltskoq 1950-ci il aprelin 5-də İsveçrənin Yençepinq şəhərində anadan olub. Onun atası İnqvar Feltskoq uzun illər şəhər mağazasında menecer işləyib. Anası Birqit Yoxanson isə evdar qadın olub. Ailənin ən böyük övladı olan Aqnetanın özündən sonra bir kiçik bacısı dünyaya gəlib.
Aqnetanın musiqiyə olan həvəsi ona atasından keçib. Atası hələ cavan yaşlarından musiqi sənətinə dərin maraq duyub. Lakin dolanışığın çətinliyi və imkansızlıq ona musiqi ilə bağlı arzularını həyata keçirməsinə imkan verməyib. Gələcəkdə atasının bu arzusunu reallaşdırmağa çalışan balaca Aqneta artıq 5 yaşının tamamında ilk mahnısını yazır. O, həyət-bacada qumla, palçıqla oynayan yaşıdlarından fərqli olaraq, gününü qonşularında - pianonun arxasında keçirir. Aqnetanın 7 yaşı tamam olanda, ailəsi musiqiyə olan marağını hiss edib, ona təzə piano hədiyyə edir. Bir müddət sonra musiqi Aqneta üçün təkcə məşğuliyyət yox, həm də ehtiraslı asılılığa çevrilir. Orta məktəbdə o qədər də fəal şagird olmayan qızcığazın ən çox maraq duyduğu fənlər ədəbiyyat və dil dərsləri olur. Aqnetanın 14 yaşı olanda musiqi müəlliməsi ona dərs keçməkdən imtina edir. Bu imtinaya səbəb Aqnetanın bacarıqsız və ya savadsız şagird olması yox, tam əksinə, onun hədsiz dərəcədə istedadlı olması idi.
İlk uğurdan imtina...
Çox güclü musiqi duyumu və qabiliyyəti olan Aqneta tez bir zamanda məktəbli yoldaşlarından ibarət "Kambers” adlı musiqi qrupunu yaradır. Musiqi qrupu ilə birlikdə valideynlər üçün təşkil olunmuş gecədə çox gözəl mahnılar ifa edən Aqneta uzun zaman həmin gecədə iştirak edənlərin yadında qalır.
15 yaşı tamam olan kimi o, artıq kim və hansı sənətin sahibi olacağını müəyyənləşdirir. Musiqi karyerasını yaratmaq üçün o, orta məktəbi tərk edir. Özünü dolandıra bilməkdən ötrü avtomobil kompaniyası yaradır. Paralel olaraq da özünə musiqi sahəsində kömək edə biləcək tərəfdaşların axtarışına başlayır. Aqneta Berntr Enqxardtın ansamblında solist kimi fəaliyyətə göstərir. Qısa vaxtdan sonra o, kollektivin əsas üzvlərindən birinə çevrilir. Uzun müddət həmin qrupla birgə işləyən Aqneta bir gün ansamblla birlikdə Stokholmdakı səsyazma studiyasına gedir. Onun gedişindən bir neçə gün sonra məşhur prodüser Lille Qerxard qrupun rəhbərliyinə zəng vurub, Aqnetanın səsindən çox məmnun olduğunu deyir və təklif edir ki, Aqneta ilə birlikdə solo albom hazırlasın. Aqneta bu xəbərdən məmnun olsa da, qrupun digər üzvlərinə haqsızlıq etməmək üçün prodüserin təklifinə "yox” cavabı verir. Lakin sonradan ansambl iştirakçılarının da istəyi ilə bu təkliflə razılaşır və ilk solo albomunu hazırlayır.
1968-ci ildə işıq üzü görən ilk albomu gənc müğənniyə böyük uğur gətirir. Bir müddət sonra 19 yaşlı müğənni İsveçrənin ən məşhur ifaçılarından birinə çevrilir.
Günlərin birində isə o, qatıldığı bir televiziya şousunda musiqiçi Börn Ulveusla tanış olur. Elə həmin ərəfədə Benni Andersson musiqi qrupu yaratmağa başlayır. İlk olaraq o, qrupun tərkibinə Aqneta və Börnü dəvət edir. Daha sonra isə Benni ilə sevgi münasibəti olan digər qadın ifaçı Anni Frid Linqstad da qrupa qatılır. Beləliklə, bütün dünyaya səs salacaq ABBA qrupu fəaliyyətə başlayır.
ABBA-da yaranan məhəbbət...
İsveçrəli dördlük ilk dəfə 1970-ci il noyabrın 1-də Qöterborq şəhərindəki restoranların birində səhnəyə çıxır. Qrupun adı ifaçıların baş hərflərindən yaranır. Qadın ifaçıların da qrupa bəxş etdiyi gərgin iş sayəsində qrup tez bir zamanda inkişaf edir. Aqnetanın həyatında isə sevgi dolu anlar başlayır. ABBA-nın solisti Börn Ulveusla onun arasında başlanan dostluq tezliklə sevgiyə çevrilir. 1971-ci il iyulun 6-da Aqneta və Börn ailə qurur. İki ildən sonra onların Linda adlı qızları doğulur. 1977-ci ildə Aqneta Kristian adlı oğlan uşağı da dünyaya gətirir. Bu iki şəxsin ailə qurması ABBA-ya daha da populyarlıq qazandırır. Həyatlarını birləşdirən cütlüyün ifaları pərəstişkarlarını daha da valeh edir.
Lakin Kristianın doğulmasından bir il sonra ailədə narazılıqlar başlayır. 1978-ci ildə Aqneta uşaqları ilə birlikdə evi tərk edib, Börndan həmişəlik ayrılır. Sonralar Aqneta həmin günü qəlbinin qırıldığı ağır bir gün kimi xatırlayır. İştirakçısı olduğu qrup 1974-cü ildə "Vaterlo” mahnısı ilə Avroviziya musiqi yarışmasında birincilik qazanır. 1987-ci ilə qədər Aqneta ABBA ilə birlikdə işləyir. Həmin il qrupun sonuncu albomu - "Ay Stənd Əlon” işıq üzü görür. Bu albomdan sonra qrup fəaliyyətini dayandırır. Aqneta isə səhnədən uzaqlaşır. Bir müddət sonra müğənni cərrah Tomas Sonnenfeldlə ailə qurur. Ancaq bu nikah da uzunömürlü olmur, Tomasdan ayrılan Aqneta tənhalığı seçir.
Qayıdış...
2004-cü ildə o, 17 illik fasilədən sonra yenidən musiqi dünyasına qayıdır. ABBA-nın fəaliyyətinin dayanması və musiqidən uzaqlaşması müğənni üçün ağır depressiya dövrü yaradır. Müsahibələrinin birində o, karyerası və özü haqqında deyir: "Bəzən elə hesab edirlər ki, mən özümü mediadan və insanlardan gizlədirəm. Əslində isə bu, belə deyil. Bu, sadəcə olaraq mənim yaşam tərzimdir. Mən sakit və rahat yaşamaq istəyirəm. Bu günə qədər nə etmişəmsə, ürəyimin səsi ilə etmişəm. Bütün işlərimin öhdəsindən gəlməyə çalışmışam. Xeyli vaxtdır ki, heç bir ölkəyə səyahət etmirəm. Çox nadir hallarda dəvət olunan qonaqlıqlara gedirəm.
Bilirsinizmi, illər çox sürətlə ötüb keçir. Mən həddindən artıq mahnı oxumuşam, bəstələmişəm. Uzun illər rahatlıq bilmədən çalışmışam. O qədər işlər görmüşəm ki, bu, mənə xeyli vaxt bəs edər. ABBA-dan sonra isə yorğun olduğumu dərindən hiss etdim. Bu, mahnılardan, musiqidən olan yorğunluq idi. Buna, bir növ, "mikrofon xəstəliyi” də demək olar. Lakin son illər nədənsə məndə musiqiyə yenidən maraq oyandı. Və mən musiqi albomu çıxartmağa qərar verdim. Qarşıdan gələn illərin nələr gətirəcəyini isə deyə bilmərəm...”
2004-cü ildə çıxardığı musiqi albomuna 60-cı illərin ən xit mahnılarını daxil edən müğənni qısa vaxtda tamaşaçıların və musiqi dünyasının diqqətini cəlb edir. Onun albomu Avropa musiqi onluğunda özünə yer qazanır.
2013-cü ildə isə müğənni "A” adlı daha bir albomunu pərəstişkarlarına təqdim edir. Mayın 7-də Stokholmda ABBA muzeyinin açılışı olur. Lakin həmin ərəfədə Londonda olan Aqneta açılışa qatıla bilmir. 65 yaşlı müğənni hal-hazırda Xelqo adasındakı evində nəvələri ilə birgə həyatını davam etdirir.
.