Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək. İclasın gündəliyinə 28 məsələ təklif edilib. Lakin onların arasında ordu ilə bağlı hər hansı məsələ yoxdur.
Son zamanlar Naxçıvada ermənilər tərəfindən törədiən təxribatları, orduda əsgərin əsgəri güllələməsi, cəbhə bölgələrində ermənilərin atəşkəsi intensiv şəkildə pozaraq dinc sakinləri atəşə tutması hallarının artmasını nəzərə alsaq, ordu ilə bağlı məsələrin gündəliyə salınmaması maraq doğurur.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc virtualaz.org saytına açıqlamasında bildirdi ki, son zamanlar orduda baş verən olaylar gündəmə salınacaq və müzakirəyə çıxarılacaq: "Ordumuzun hər zaman diqqət mərkəzində olması başadüşüləndir. Çünki Azərbaycanın təhlükəsizliyi həm də bu strukturun fəaliyyətindən asılıdır”. Deputat qeyd etdi ki, parlamnetdə Azərbaycana qarşı olan kənar təsirlərlə bağlı müzakirələr həmişə olub: "Milli Məclisin iclaslarında Azərbaycanın maraqlarının əleyhinə olan proseslərə hər zaman münasibət bildirilib. Həmçinin ordumuzun daxilində olan mənəvi psixoloji durum və əsgərlərin qeyri-döyüş şəraitində itkisi kimi məsələləri müzakirəyə çıxarmışıq. Bu məsələlər Milli Məclisin cari məsələlər sırasında bu gün də gündəmə gətiriləcək və ayrı-ayrı həmkarlarımız tərəfindən müzakirəyə çıxarılacaq”.
.
