Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Vənənd kəndində səyyar qəbul keçirdib.

Vətəndaş qəbulunda İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, rayonunun idarə, müəssisə, təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin  başçısı Rəcəb Rəhimli son illər respublikamızada həyata keçirilən innovasiyalara əsaslanan quruculuq işlərindən, əhalinin rifah halının yaxşılaşdırılmasından, sosial-iqtisadi inkişafa söykənən islahatların Ordubad rayonunda da geniş vüsət almasından, ölkəmizdə Nümayəndəlik institutunun tətbiqindən, eləcə də, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin yaradılmasından bəhs edib. Səlahiyyətli Nümayəndənin rəhbərliyi altında yeni idarəetmə modelinin yaradılmasının muxtar respublikanın çoxşaxəli inkişafına təkan verəcəyini, ölkə başçısının müvafiq sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Ordubad rayonu üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirən Rəcəb Rəhimli rayonun gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib.

Vətəndaş qəbulunda kənd sakinlərinin üzləşdikləri müxtəlif istiqamətli çətinlikləri və təklifləri dinlənilib, müvafiq sahələr üzrə məsul şəxslərin iştirakı ilə bu məsələlərin həlli istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Qəbul zamanı vətəndaşların irəli sürdüyü məsələlərin bir hissəsi qəbulun gedişində öz həllini tapıb, digər məsələlərin həlli üzrə İcra Hakimiyyəti başçısı tərəfindən aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxslərinə müəyyən tapşırıqlar verilib.

 

 

   

.