
Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının prezidenti Ursula Fon Der Leyeni vəzifədən getməyə çağırıb.
Orban bu barədə özünün "X" hesabındakı paylaşımında Leyeni korrupsiyaya bulaşmaqda və başqa qanunsuz əməllərdə ittiham edib.
“Sabah Avropa Parlamentində təlatümlü bir gün olacaq. Parlament üzvləri Ursula Fon Der Leyenin gedib-getməyəcəyini təyin edəcəklər. Bu səsvermə korrupsiya skandalı ilə əlaqədar keçiriləcək. Amma, hamımız bilirik ki, korrupsiya aysberqin sadəcə görünən hissəsidir. Bu səsvermə bacarıq, nəticə və Avropanın gələcəyi ilə bağlıdır”- Macarıstanın Baş naziri qeyd edib.
O, Avropada qeyri-qanuni miqrasiyanın artması, enerji qiymətlərinin yüksəlməsi, gender ideologiyasının nəzarətdən çıxması və bu kimi digər problemlərə diqqət çəkərək Avropa Komissiyasının prezidentini vəzifədən getməyə çağırıb.
Orban daha əvvəl Leyenin fotosunu paylaşaraq "getmək vaxtıdır" yazıb.
Qeyd edək ki, sabah Avropa Parlamentində Ursula Fon Der Leyenlə əlaqədar etimadsızlıq səsverməsi keçiriləcək.