
Bir qrup əczaçı infoaz.org-a müraciət edərək dərman sahəsində baş verən qanunsuzluqları diqqətimizə çatdırıb. Onların sözlərinə görə, hazırda bu sahədə əməlli-başlı xaos hökm sürür: "Aptek şəbəkəsi Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Analitik Ekspertiza, İnnovasiya, Əczaçılıq və Tibb Sənayesi Birliyinin rəhbərliyindən ibarət bir dəstə nəzarətindədir. Birliyin baş direktoru Rüstəm Rüstəmbəyov, baş mühasib Fuad Qəmbərli hər ay bütün aptek və depolardan məcburi şəkildə aylıq 100-150 manat, rüblük isə 200-300 manat haqq yığırdısa indi bu rüşvət "tarifi" 250-300, rüblük isi 400-500 manata qaldırılıb. Deyirlər ki, "yuxarılar"ın göstərişidir. Səbəb yalnız 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsilə əlaqədar olduğu yalnız göstərilir".
Əczaçılar həmçinin bildirib ki, bu sahə ilə bağlı olan idarələrdən qeyri-peşəkarlar cəmləşib. Məhz bu səbəbdəndir ki, Azərbaycanda əczaçılıq sahəsi bazara çevrilib. "Apteklər iri çəkili məmurlara məxsus firma, şirkət və depolarına təhkim olunmaqla onların dərmanlarını satmalıdır. Bu qayda ilə işləməyən apteklərə ciddi təzyiqlər olunur. Bir çox hallarda belə apteklər fəaliyyətini dayadırmağa məcbur edilir",- deyə əczaçılar vurğulayıb.
Onların sözlərinə görə, "AvroMed", "Riyad Renta", "Riyad Qafur", "Hur", "Zəfəran" "Aquamed" "Asfarma" və.s kimi şirkətlər arasında aptekləri nəzarətə götürmək uğrunda savaş gedir. Xüsusilə "AvroMed" şirkəti Azərbaycanda əczaçılıq sahəsində hakimi mütləq olmağa çalışır: "AvroMed" şirkətində Namiq, Oqtay adlı işbazlar apteklərin qarşısında ağır şərtlər irəli sürür və deyirlər ki, heç kim bizim tələbimizi poza bilməz".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
.